Vəkillər Saleh Rüstəmovun səhhətinə görə azadlığa buraxılmasını məhkəmədən istəyəcəklər
Həbsdə olan Gədəbəy rayonu İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmli 30 gündür aclıq edir.
Vəkil Bəhruz Bayramov Turana bildirib ki, Rüstəmli sabahdan quru aclığa keçmək istəyir.
“O mənə dedi ki, dekabrın 6-da son sözünü deyəcək. Rüstəmli quru aclığa keçməkdə qərarlıdır,” vəklil qeyd edib.
Vəkil Rüstəmlinin vəziyyəti həddindən artıq ağır olduğunu deyib.
“Əsəb sistemində, beyninin fəaliyyətində problemlər yarandığı hiss olunur. O, qırıq-qırıq danışır, cümlələri çətinliklə qurur,” vəkil qeyd edib.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlı bu gün, dekabrın 5-də bildirib ki, Saleh Rüstəmli hər saat ölümə daha da yaxınlaşır.
“Etiraf edirəm ki, biz əqidə dostları üçün Saleh bəyin gözümüz önündə məhv edildiyini müşahidə etmək xüsusilə çətindir. Açıq bəyan edirəm ki, Saleh bəyin ölümünü sonadək oturub səssizcə izləyə bilmərik. Heç bir çarə qalmasa, Saleh Rüstəmliyə azadlıq tələbilə yenidən küçə və meydanlara çıxmağa da hazırıq. Bədəli nə olursa olsun. Ancaq hazırda bunu da edə bilmirik. Saleh bəyin azad edilməsi məsələsini hökumət rəsmilərilə müzakirə edən hüquq müdafiəçilərinin “indiki şəraitdə siyasi münasibətləri radikallaşdırmamaq” təklifini nəzərə alırıq. Hökumətə əlavə bəhanə verməmək üçün səbr edirik. Hazırda Saleh bəyin azadlığa çıxmasından, onu xilas etməkdən önəmli heç bir məqsədimiz yoxdur. Saleh bəyin həyatı bizim üçün hər cür siyasətin fövqündədir,” o qeyd edi.
Kərimli bildirib ki, Saleh Rüstəmli işgəncənin bitməsi üçün sabahdan sudan da imtina edib ölümünü sürətləndirəcəyini bildirib.
“Onun ölümünü təsəvvür belə etmək istəmirəm. Ancaq hakimiyyət də anlamalıdır ki, Saleh bəyin məhbəsdə ölümü ölkədə siyasi böhranı pik həddinə qaldırar, fəlakət ssenarilərinə yol açar. Saleh bəydən xahiş edirəm ki, həyatına qəsd etməsin. Heç bir halda quru aclığa başlamasın. Onun nəinki cəmiyyət, dostları qarşısında, himayəsində olan övladları qarşısında məsuliyyəti var. Hakimiyyətə də, cəmiyyətə də bir neçə gün əlavə vaxt versin,” AXCP sədri qeyd edib.
Dekabrın 6-da S.Rüstəmovun vəkilləri onun səhhətinə görə cəzasının qalan hissəsinin çəkilməsindən azad olunması üçün Nizami Rayon Məhkəməsinə müraciət edəcəklər. Bunu vəkil Aqil Layıc bildirib.
«Hörmətli vəkilimiz Behruz Bayramovla birlikdə uzun müddətdir aclıq aksiyası keçirən Saleh Rüstəmov(Rüstəmli) barədə ərizə hazırladıq və Bakı şəhəri Nizami Rayon Məhkəməsinə 06 dekabr 2021-ci il tarixində səhər tezdən təqdim ediləcəkdir. Hüquqi mexanizm olaraq biz əlimizdən gələni edirik ki, onu həyata və azadlığına qovuşduraq. Onun ciddi xəstəlikləri var, eyni zamanda böyrək çatışmazlığından da əziyyət çəkir. Məhz bu halları nəzərə alaraq məhkəmənin onu çəkilməmiş cəzadan azad etməsi üçün heç bir maneə yoxdur. Ümid edirəm bu hüquqi prosedur müsbət qarşılanacaq və o, azadlığına və səhhətinə qovuşacaq. Yardımını əsirgəməyən hüquqşünas Yalçın İmanova və Tural Ağayevə xüsusi təşəkkür edirik», – Layıc öz facebook səhifəsində yazıb.
* Xalq Cəbhəsi Partiyasının tərəfdarı, Birinci Qarabağ müharibəsinin veteranı Saleh Rüstəmov 2018-ci ilin mayında həbs edilib və “AXCP-nin qanunsuz maliyyələşdirilməsi” haqqında saxta iş üzrə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Noyabrın 6-dan etibarən o, azad edilməsi tələbi ilə müddətsiz aclığa başlayıb.
Turan.az