Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar Cəmiyyət Dünya Gündəm Hadisə İctimai Siyasət Xəbərlər

Eldar Həsənov: Əgər sağ qalsam, sonadək mübarizə aparacam

“Ölsəm, nəslimdən qeyrətli biri çıxıb, məni müdafiə edəcək”

1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru, 2001-2020-ci illərdə isə müxtəlif ölkələrdə səfiri olmuş Eldar Həsənovun işi üzrə məhkəmə istintaqı başlayıb. Sentyabrın 9-da məhkəmədə ittiham aktı elan edilib, təqsirləndirilən sabiq səfir ifadə verib. Amma bundan əvvəl vəkilləri onun ev dustaqlığına buraxılması, özü isə məhkəmənin qapalı keçirilməsi barədə vəsatətlər verib.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda vəkillərin ilk istəyi Eldar Həsənovun məhkəmə zalındakı şüşə kabinədən çıxarılıb, müdafiəçilərinin yanında əyləşməsi olub. Əfqan Hacıyevin sədrlik etdiyi, Zeynal Ağayev və Əhməd Quliyevdən ibarət hakimlər kollegiyası buna razılaşıb.

Vəkillər keçmiş səfirin sağlıq durumunun kritik olduğunu, onun təcili ixtisaslaşmış xəstəxanaya yerləşməsinin vacibliyini vurğulayaraq, ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıblar: “Eldar Həsənov təcili xəstəxanaya yerləşdirilməlidir. Bu barədə həkim rəyi var. Ona nəsə olsa, məhkəmə də məsuliyyət daşıyır. Həkim arayışında göstərilib ki, Eldar Həsənovda beyin zədələnməsi riski böyükdür. Həkim deyir ki, onun durumu kritikdir, təcili stasionar qaydada xəstəxanaya yerləşdirilməlidi. Onun həyatı ciddi təhlükə altındadır, ona hər an hər şey ola bilər. Buna görə məhkəmə olaraq, siz də məsuliyyət daşıyırsız. Eldar Həsənov məhkəmədən yayınan deyil. Məhkəmənin bütün çağırışlarına gələcək. Ona görə xahiş edirik, ev dustaqlığına buraxılsın və xəstəxanaya yerləşdirilməsinə şərait yaradılsın”.

Eldar Həsənov özü də vəsatətə münasibət bildirib: “Mən 1 il 26 gündür həbsdəyəm. Bu müddətdə mənim qəsdimə yönələn istintaq aparılıb. Mən vəkilim Adil İsmayılovla müqavilə bağladım, bir müddət sonra o, vəfat etdi. İkinci vəkilim Cəlil Mirzəyev koronaya yoluxdu. Başqa vəkillə müqavilə bağladım, amma onunla görüşməyə imkan verilmədi. Yazıblar ki, guya mən ehtiyac duymadığıma görə vəkillə görüməmişəm. Sənəddə yazılıb ki, Eldar Həsənova lazımi diqqət-qayğı göstərilir, müalicə üçün şərait yaradılıb. Təcridxanada müalicə üçün şərait necə yaradıla bilər? Bu gün səhər də kəskin ağrılarım başlamışdı, vəziyyətim kritik idi. Amma məhkəməyə hörmətsizlik olmasın deyə, gəldim. Xahiş edirəm, mənim səhhətimlə bağlı danışanda diqqətli olun, heç kim bilmir başına nə gələcək. Əgər sağ qalsam, mübarizəmi sona qədər aparacam. Ölsəm, nəslimdə 61 hüquqşünas var, onlardan ən azı biri qeyrətli çıxıb mənim hüquqlarımı müdafiə edəcək. Bunu vəsiyyətimdə də yazmışam”.

Məhkəmə Eldar Həsənovun ev dustaqlığına buraxılması barədə vəsatətini təmin etməyib.

Keçmiş səfir özü isə məhkəməsinin qapalı keçirilməsi haqda vəsatət qaldırıb. O bildirib ki, dövlətlərarası münasibətlərə, Azərbaycanın nüfuzuna xələl gəlməsini istəmir: “Sovet dövründə də, müstəqillik dövründə də Azərbaycanda səfir həbs olunmayıb. Mənimlə bağlı baş verənlər ilk hadisədir. Mənə verilən ittihamlarla bağlı ifadə versəm, bu, 20 il səfir olduğum ölkələrin siyasi liderlərilə Azərbaycan arasındakı dostluq, əməkdaşlıq və tərəfdaşlıq məsələlərinə ciddi xələl gətirər. Bu, Azərbaycan dövləti üçün böyük zərbə ola bilər. 44 il dövlət orqanlarında çalışmış, 20 il 4 ölkədə səfir olan biri kimi sizdən xahiş edirəm, proses qapalı keçirilsin. Məhkəmə prosesində ayrı-ayrı epizodlar üzrə verilən ifadələrdən kənara sızacaq cüzi məlumat Azərbaycanın beynəlxalq imicinə zərbə vuracaq, siyasi liderlərin ölkəmizə münasibətinə təsir göstərəcək. Mənim nəslimdə satqın olmayıb. İstəmirəm ki, millətimə, dövlətimə, ölkə başçısına, onun ağıl-zəkasına, atdığı mötəbər addımlara ziyan gəlsin. Əgər məlumat sızsa, buna görə mən məsuliyyət daşımıram. 1 il 26 gün susdum. İstintaq o qədər ədalətsiz aparılıb ki, 1996-cı ildə nəvəmə cehiz verdiyim evə də həbs qoyulub. Halbuki, ittihamlar 2001-ci ildə səfir təyin olunduğum dövrdən sonraya aiddir. Hansı əsasla o evə həbs qoyulub? 1 il 26 gündə ailə üzvlərim təqib olunub. Ona görə də məhkəmədə verəcəyim ifadələr ciddi məsələlərdir. Mən sizi də qorumaq üçün, dövlətin də təhlükəsizliyi baxımından prosesin qapalı keçirilməsini istəyirəm. Bütöv prosesi qapalı keçirməsəniz də, hansısa hissələrlə bağlı ifadələr veriləndə heç olmasa, o hissələri qapalı eləyin”.

Prokuror bildirib ki, bu cinayət işində dövlət sirri hesab ediləcək məlumatlar yoxdur. Ona görə də məhkəmənin qapalı keçirilməsinə etiraz edir.

Hakimlər də vəsatəti rədd edib.

Daha sonra prokuror ittiham aktını elan edib. İttihama əsasən, Eldar Həsənov səfirliklər üçün binaların alınması, təmir-tikinti işlərilə əlaqədar ayrılmış vəsaitlərdən 17 milyon 931 min 316 manatlıq mənimsəmədə, 11 milyon 804 min manat cinayət yoluyla əldə olunmuş vəsaiti leqallaşdırmaqda, 192 min manat büdcə vəsaitindən təyinatı üzrə istifadə etməməkdə təqsirləndirilir.

Eldar Həsənov ittiham aktında yazılanlarla razılaşmayıb. O bildirib ki, səfir işlədiyi ölkələrdə Azərbaycanın həyata keçirdiyi layihələr iki yerə bölünürdü: dövlət layihələri və Heydər Əliyev Fondunun xəttilə həyata keçirilən layihələr. Onun sözlərinə görə, layihələr iki ölkə arasında ən ali səviyyədə razılaşdırılırdı. Həmin layihələrə rəhbərlik etmək səlahiyyəti də Azərbaycan dövləti tərəfindən təyin olunmuş iki nəfərə həvalə olunmuşdu. Həmin şəxslərə diplomatik pasport da verilmişdi. Onlar layihələrin həyata keçirildiyi ölkədə yaşayıb, proseslərə nəzarət edirdilər. Eldar Həsənovun sözlərinə görə, adi heykəllərin Bakıda hazırlanıb aparılmasından tutmuş, həmin ölkələrdə yerləşdirilməsi, vəsaitlərin xərclənməsinə qədər bütün məsələlər həmin şəxslərin nəzarətində olub.

Məhkəmədə Eldar Həsənovun vəziyyəti pisləşdiyinə görə onun ifadəsinin davamı növbəti məhkəmə iclasına qalıb.

Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru olub. Bu vəzifədən azad ediləndən az sonra Azərbaycanın Rumıniyadakı səfiri təyin edilib. 12 il bu vəzifədə çalışandan sonra 2013- cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfir vəzifəsinə təyin olunub. Elə bu vəzifədə işləyərkən – 2020-ci ilin avqustunda Bakıda DTX əməkdaşları tərəfindən saxlanılıb. Onun həbsindən sonra səfir vəzifəsindən azad edilməsi haqda Prezident sərəncam imzalayıb.

Eldar Həsənova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 193-1.3.2 (külli miqdarda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.

Keçmiş səfir bu ittihamları qəbul etmir, özünü təqsirli bilmir: “Həbsimin həqiqi səbəbi əslində, guya mənim siyasi iddiada olmağım, guya siyasi müxalifətlə əlaqə və əməkdaşlıqda olmağım, guya hakimiyyət əleyhinə hansısa tənqidi fikirlər səsləndirməyim, hansısa nöqsanları özündə əks etdirən məktublar yazmağım kimi ölkə rəhbərliyinə tamamilə yalan, uydurma dolu məlumatların ötürülməsi olub”.

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

Meydan Tv

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir