Bu ilin yanvar-iyul aylarında Rusiyada əhalinin təbii azalması (ölənlərin sayının doğulanların sayından çox olması) ötən ilin analoji dövrü ilə müqayisədə 62% artaraq 512,5 min nəfər təşkil edib (bir il əvvəlki 316,3 min nəfərə qarşı).
“APA-nın məlumatına görə, bu barədə Rusiya Federal Dövlət Statistika Xidmətinin (“Rosstat”) açıqlamasında deyilir.
Qeyd olunur ki, 2021-ci ilin yanvar-iyul aylarında Rusiyada doğulanların sayı illik ifadədə 1,1% azalıb – 2020-ci ildəki 811 650 nəfərdən 802 827 nəfərədək.
Hesabat dövründə ölənlərin sayı illik müqayisədə 16,6% artıb – 2020-ci ildəki 1 128 018 nəfərdən 1 315 309 nəfərədək.
Cari ilin iyul ayında Rusiyada 124 715 uşaq dünyaya gəlib ki, bu da 2020-ci ilin iyul ayı ilə müqayisədə 4,6% az, 2021-ci ilin iyun ayına nisbətən isə 0,7% çoxdur (lakin iyul ayında iyundan bir gün çoxdur).
2021-ci ilin iyul ayında Rusiyada 215 265 nəfər ölüb. Bu da 2020-ci ilin iyul ayı ilə müqayisədə 18,6%, 2021-ci ilin iyun ayı ilə müqayisədə isə 15,9% çoxdur.
İyul ayında əhalinin təbii azalması 90 550 nəfər təşkil edib – 2020-ci ilin iyul ayına nisbətən artım 78%, 2021-ci ilin iyun ayına nisbətən isə 46,4% təşkil edib.
Qeyd edək ki, 2020-ci ildə Rusiya əhalisinin təbii azalması 2 dəfədən çox artaraq 2019-cu ildəki 316,2 min nəfərdən 688,7 min nəfərə çatıb. Bu, 2005-ci ildən bəri maksimum göstəricidir. Həmin il Rusiyada əhalinin təbii azalması 846,6 min nəfər təşkil etmişdi.
“Rosstat”a görə, 2020-ci ildə Rusiya əhalisi 0,5 mln. nəfərdən çox azalaraq 146,17 mln. təşkil edib.
APA