Bu gün bütün dünyanı dəhşətə gətirən, hamını düşünməyə və fikirləşməyə məcbur edən ən ciddi problemlərdən və transmilli cinayətlərdən biri də insan alveridir. Hazırda dünyada silah və narkotik maddələrin satışından sonra üçüncü ən gəlirli sahə insan alveri hesab olunduğunu nəzərə alsaq burada nə qədər böyük mafioz qrupların və cinayətkar dəstələrin məqsədli şəkildə əməllərinin şahidi olarıq. BMT-nin hesablamalarına görə hazırda dünyada 30 milyondan çox insan qul vəziyyətindədir. ABŞ-ın Federal Təhqiqat Bürosu isə insan alverinin hər il 10 milyarda yaxın gəlir verən kriminal sahə olduğunu qeyd edir.
İnsan alveri dedikdə çoxları yalnız qadınların aldadılaraq və ya güclə başqa ölkələrə aparılmasını, orada cinsi istismara məruz qalmasını başa düşür. Gəncə şəhərində apardığımız sorğunun nəticələri də bunu deməyə əsas verir. Respondetlərimiz əksəriyyəti insan alveri dedikdə məhz bu istiqaməti nəzərdə tutdular. Lakin insan alveri çox geniş bir məfhumdur və hər birimiz düşünülmədən hərəkət etsək qurbana çevrilə bilərik.
Burada sosial çətinliklər içərisində yaşayan, o cümlədən bu sahədə məlumatı olmayan kişiləri də unutmaq olmaz. Çünki onlar da insan alverinin qurbanına çevrilir və bu sahə ilə məşğul olan cinayətkarlar, əsasən 18 yaşından 55 yaşınadək kişiləri qanunsuz əməyə cəlb edirlər. Bir çox hallarda müxtəlif peşə sahibləri olan kişilər bəzən mövsümü xarakterli işlərdə çalışmaq üçün ölkəni qısamüddətli tərk edirlər. Onlar yüksək ödənişli əmək haqqı dalınca öz isti yuvalarından uzaqlaşır, az bir vaxta çox pul əldə etmək istəyi ilə başqa, bəzən tanımadıqları ölkələrə üz tuturlar. Qanunları, qaydaları, öz hüquqlarını, bəzən də dil bilmədiklərindən insan alveri şəbəkəsinin qurbanlarına çevrilirlər. Başqasının əməyinin istismarı bahasına gəlir əldə etmək istəyən cinayətkarlar üçün belə insanlar əsl “yem” hesab olunur. Onlar sadəlövf adamların etibarından sui-istifadə edərək onları toplayaraq xarici ölkələrə aparır və qul vəziyyətinə salırlar. Belə insanlar uzun müddət kölə vəziyyətində işlədikdən sonra, xəstə yarımcan halda ya ölkəyə, öz ailələrinin yanına qayıdır, bəzi hallarda isə elə qürbətdə ikən dünyalarını dəyişirlər. Elə məqamlar da olur ki, uzun müddətdə qürbətdə kimlər üçünsə çalışan kişilər pul toplaya bilmədikləri üçün özlərini günahkar saydıqlarından ailələrinin yanına qayıtmaq istəmirlər. Araşdırmalardan o da məlum olur ki, hətta əməyi istismar olunan istər kişi, istərsə də qadınlar çox asanlıqla “orqan mafiyası”nın “yağlı şikar”ına çevrilirlər. Onlar öz ailələrilə əlaqəni kəsir, həmin şəhərdə səfil həyat tərzi keçirirlər. İçki düşkünü olan, evsiz, eşiksiz, əksər hallarda sənədsiz qalan belə insanlar tezliklə “orqan donoru” olmağa məcbur edilirlər.
56 yaşlı Elyar da (ad şərtidir) belə qurbanlardandır. Təxminən 14 il bundan qabaq o da bu dəhşətli anları yaşayıb. Ali təhsili olsa da rayonlarında ixtisasına uyğun iş tapmadığından o atasının yanında qaynaq etməyi, santexnika işlərini öyrənmişdi. Ailə qurduqdan sonra bu peşənin köməyi ilə rayonlarında, Gəncədə, Bakida bu işlərləri görməklə ailəsinə çörək pulu qazanırdı. Artıq ikinci körpəsi dünyaya gələndən sonra Elyarın qayğısı birə iki artdı. Əziyyətlə işləyib qazandığı pul onun ailəsinin problemlərini həll etməyə imkan vermirdi. Belə olan halda ailə başçısı kimi o yeni iş yeri axtarmağa, daha çox vəsait əldə etmək haqqında düşünürdü. Bir gün çayxanada oturanda qonşu masada həmkəndlisinin Rusiyada yaxşı qazanlı iş olduğu barədə söhbətini eşitdi. Onunla bu barədə danışanda qonşusu məsələnin nə yerdə olduğunun özü də dəqiq bilmədiyini söylədi:
“Oturub çay içirdim. Qonşu masada da qonşular söhbət edirdi. Eşitdim ki, Rusiya qazanclı iş var. Dedilər çox soyuq yerdir. Amma yaxşı pul verirlər. Qonşum özü də dəqiqliyi ilə nəyin necə olduğunu bilmirdi. Ona da Saratov vilayətindən zəng edib demişdilər. Mənə pul çox lazım idi. Uşaqları böyütmək, onları boya başa çatdırmaq lazım idi. Ona görə xahiş etdim ki, məni o adamla görüşdürsünlər. Telefonunu verdilər, zəng etdim. Azərbaycanlı idi. Danışanda dedi ki, burada bina inşa edirlər. Yaxşı maaş var. Görəcəyim işləri sadalayanda bildirdi ki, bu işləri görsə ayda orta hesabla 3-4 min ABŞ dolları qazana bilərəm. Sevincimdən yerə görə sığmırdım. Düşünürdüm ki, gedib bir il işləyərəm, pulumu toplayıb maşın alaram, oğluma torpaq yeri alaram, evi təmir edərəm, bir az dar gün üçün pul toplayaram”.
Elyarın sözlərinə görə qohumlarından bir az borc pul tapıb tez bir zamanda xarici pasport alıb, qalan pulu isə cavan ailəsinə xərclik üçün qoyub, qatarla Saratova yola düşüb.
“Düz 2-3 gün yol getdim. Çox əziyyət çəkdim. Pulun demək olar ki, hamısını evdə uşaqlar üçün qoymuşdum. Bir qədər üstümdə rus pulu var idi. Özüm də rus dilini bilmirəm. Yaxşı qonşu kupedə bir azərbaycanlı xanım var idi. Allah balasını saxlasın o lazım olanda məni vəziyyətdən çixarırdı. Bir təhər gəlib çatdım. Vağzalda məni iki yekəpər, başkəsənə oxşayan kişi qarşıladı. Rus dilində bircə adımı başa düşdüm. Elyar? dedim “da”. Məni maşına qoyub bir evə gətirdilər. Burada yemək yeyəndən sonra bir azərbaycanlı mənim yanıma gəldi. Yenə bacardığım işlərdən sorğu sual etdi. Dedi ki, kənara çıxmaq, zəng etmək, kiminləsə əlaqə saxlamaq olmaz. Evə ayda 2 dəfə zəng edə bilərəm. Bunu da onunla əlaqələndir ki, burada işləyənlərin hamısı qeyri-qanuni, vergi ödəmədən işləyir. Ona görə də çox pul alırlar. Sonra pasportumu aldı ki, ver səni “proriska” etdirək ki, polis saxlamasın. Mən də verdim. O gündən zülümlü günlərim başladı.”
Elyar o günləri xatırladıqca az qala gözləri dolurdu. O dəqiqə hiss olunurdu ki, çox əziyyət çəkib. Sözlərinə görə o barədə danışanda indi də bədəni əsir:
“O günləri indi xatırlamaq çox ağırdı. Bir qarın ac bir qarın tox səhər 7-dən yuxudan oyadıb işə aparırdılar. İş yerinin ərazisində taxtadan bir evcik tikmişdilər. Orada 18-20 nəfər qalırdıq. İstiliyi də olmurdu. Axşam saat səkkizə, bəzən də doqquza kimi işlədirdilər. Bir təhər dözürdüm. Ayın sonunda maaş vaxtı gələndə mənə cəmi 200 dollar pul verdilər. Soruşanda ki, bəs axı biz 2-3 min dollar maaş danışmışdıq mənə güldülər. Onda alətlərimi, paltarlarımı yığıb getmək istədim. Məni o yekəpər mühafizəçilər tutub bir nəfərin yanına apardılar. Rus dilində nəsə deyirdi. Anlamırdım. Bircə onu başa düşdüm ki dedi “ubyu”. Mən də qorxdum. Sonradan məni xüsusi nəzarətə götürdülər. Bir gün hiss etdim ki, elə bil içim yanır. Bizimlə 2-3 azərbaycanlı fəhlələr də vardı. Onlar mənim vəziyyətimin ağır olduğunu görüb “şefə” məlumat verdilər. Artıq dözülməz idi. Təcili cərrahiyyə əməliyyatı olunmalı idim. Mühafizəçilərdən biri təcili yardıma zəng etdi. Xəstəxanadan bir təhər imkan tapib atama zəng etdim. Onların köməyi ilə sənəd düzəldib Azərbaycana qayıtdım”.
Elyarın başına gələnlər onu göstərir ki, tək xanımlar, uşaqlar deyil, qazanc dalınca, bəzən də çox pul əldə etmək arxasında xarici ölkəyə üz tutan kişilər də insan alverinin qurbanına çevrilirlər.
“Təmas” Regional İnkişaf İctimai Birliyinin sədri Südabə Məmmədovanın sözlərinə görə insan alveri qurbanına çevrilmiş hər kəs müxtəlif adlarla, yalan vədlərlə aldadılaraq ölkədən çıxarılır. Bəzən onların sosial vəziyyətləri insan alveri ilə məşğul olan qruplar üçün əsas silah olur. Bir şox hallarda qarşılaşdığımız faktların əksəriyyətində istər qadınlar, istərsə də kişilər çox pul qazanmaq istəyi ilə onların toruna düşürlər. Ümumiyyətlə bir qrup insanlar var ki, onlar potensial insan alveri qurbanları hesab olunurlar. Yəni bu insanlar istənilən vaxt qurbana çevrilə bilərlər:
Sosial durumu ağır olan insanlar, ailədaxili və məişət zorakılığına məruz qalanlar, əcnəbilərlə qeyri-rəsmi evlənənlər, yüksək əmək haqqı eşqi ilə xaricdə iş axtaranlar, ifrat dərəcədə virtual aləmə bağlı olanlar, məcburi əməyə cəlb edilən uşaqlar, qeyri-rəsmi şəkildə xaricdə təhsil almaq istəyənlər, körpələr və uşaq evlərindən çıxanlar, qanundankənar doğulan uşaqlar, səfil həyat tərzi keçirənlər. Bu qəbildən olan insanlar çox asanlıqla insan alverilə məşğul olan qrupların toruna düşür, onların yalan vədlərinə inanaraq özlərini uçuruma atırlar. Mən hesab edirəm ki, cəmiyyətimizdə bu kimi hallarla mübarizə aparmaq üçün əhalinin maarifləndirilməsi əsas şərtlərdən biridir. Mütəmadi olaraq kütləvi informasiya vasitələrində insan alveri qurbanlarının başına gətirilənlər işıqlandırılsa, onların qarşılaşdıqları problemlər müzakirə edilsə, insan alveri qurbanına çevrilməmək üçün bilgilər insanların diqqətinə çatdırılsa bu istiqamətdə irəliləyişlər əldə etmək olar”.
Fərid Mehdiyev
Məqalə ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyi tərəfindən icra edilən “Azərbaycanda potensialların artırılması və texniki dəstək vasitəsilə insan alverinə qarşı mübarizənin səmərəliliyi üçün əməkdaşlığın gücləndirilməsi – IV Faza” proqramı çərçivəsində Gəncədə yerləşən media konsorsiumunun həyata keçirdiyi insan alveri ilə mübarizə layihəsi çərçivəsində dərc olunur. Məqalədə ifadə edilmiş fikirlər müəlliflərə məxsusdur və ABŞ Dövlət Departamenti və BMqT-nin mövqeyini əks etdirmir.
Bu məqalə BMqT-nin rəsmi redaktəsi olmadan çap edilmişdir və məqalələrin mətni ilə bağlı yarana biləcək müəllif hüquqlarının pozulmasına dair hər hansı iddialara görə ABŞ Dövlət Departamenti və BMqT hər hansı məsuliyyət daşımır.