İsrailin BSD Crown şirkəti Beynəlxalq Banka depozit kimi yerləşdirdiyi 13.6 milyon dolların cəmi 250 minini geri ala bilib; sabiq bankırin məhkəməsi ərəfəsi yeni qalmaqal üzə çıxdı
İsrailin «BSD Crown» şirkəti Azərbaycan Beynəlxalq Bankına Cahangir Hacıyevin dövründə depozit kimi yerləşdirdiyi 13.6 milyon dolları geri ala bilmədiyini bəyan edib.
Virtualaz.org xəbər verir ki, bu haqda şirkətin Londondan yaydığı press-relizdə bildirir. Şirkətin səhmləri London birjasında alınıb-satıldığına görə «BSD Crown» Azərbaycan bankında yerləşdirdiyi depozitin aqibəti ilə bağlı səhmdarlara məlumat verməyə borcludur.
Şirkətin baş icraçı direktoru Yossi Schneorson bildirir ki, 2015-ci il dekabrın 15-də Azərbaycan Beynəlxalq Bankında yerləşdirdiyi depozitin geri alınması üçün müraciət edilib. Azərbaycan Beynəlxalq Bankı təsdiq edib ki, şirkətin 13.6 milyon dollarlıq depozitini saxlayır. Lakin həmin pulların qaytarılmasına dair şirkətin müraciətinə cavab olaraq Beynəlxalq Bank bir qədər vaxt istəyib. Daha sonra Beynəlxalq Bank pulların 2017-ci ilin mayına qədər 12 aylıq müddət ərzində faizləri ilə birlikdə geri qaytarılmasını təklif edib. Razılaşmaya əsasən birinci ödəniş 500 min dollar olmalı idi.
“Beynəlxalq Bankın əsasən dövlət bankı olduğunu, Azərbaycanda ümumən likvidlik və valyuta məsələlərini nəzərə alaraq şirkət təklifi qəbul etməyə razılıq verib. Bununla belə, 2016-cı il iyulun 20-nə qədər Azərbaycan Beynəlxalq Bankı şirkətə cəmi 250 min dollar qaytarıb. Nəticədə şirkət əlavə olaraq bütün mümkün yollardan istifadə etməyi nəzərdən keçirir və Azərbaycan Beynəlxalq Bankının depoziti mümkün qədər tez geri qaytaracağını gözləyir”-baş icraçı direktor bildirir.
«BSD Crown» yüzlərlə adda ərzaq məhsullarının distributorluğunu həyata keçirən «Willi Food» şirkətinin səhmlərinin mülkiyyətçisidir.
«BSD Crown» Ltd özü İsrailin «BGİ investisiya» şirkətinin törəmə şirkətidir. Şirkətin nəzarət səhm paketi bu yaxınlara qədər Ukraynanın Odessa vilayətindən olan yəhudi oliqarx Aleksandr Qranovskiyə məxsus olub. Hazırda o, Ukraynada bizneslə məşğuldur.
Qeyd edək ki, avqustun 15-də Beynəlxalq Bankın İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyev və daha bir neçə şəxsin məhkəməsi başlayacaq. İşə hakim Əfqan Hacıyevin sədrliyi ilə baxılacağı gözlənilir.
Yossi Schneorson
Cahangir Hacıyevdən başqa, Beynəlxalq Bankda müxtəlif vəzifələr tutmuş İlqar Abdullayev, Yusif Ələkbərov və bankın inzibati binalarının mühafizəsini həyata keçirən «Inter Security» MMC-nin baş direktoru İbrahim Hüseynovun də mühakimə olunacağı bildirilir.
Onlar Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə – ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı) və başqa ağır maddələri ilə ittiham edilirlər.
Onlar ötən il həbs ediliblər.
Vəkillərdən Əfqan Məmmədov bir müddət öncə C. Hacıyevin konkret 42 milyon manat mənimsəməkdə ittiham olunduğunu açıqlamışdı. Vəkil həmçinin demişdi ki, C.Hacıyev mənimsədiyi iddia olunan vəsaitin əvəzində bankdakı 80 milyon manat məbləğində səhmlərindən imtina edib.
Üstəlik, C.Hacıyevin həyat yoldaşı haqqında da mənimsəmə iddiası ilə bağlı cinayət işi qaldırıldığı bildirilir. Ancaq Zamirə Hacıyevanın hazırda xaricdə olduğu deyilir.
Görünür, İsrailin «BSD Crown» şirkətinin Cahangir Hacıyevin dövründə depozit kimi yerləşdirdiyi 13.6 milyon dolların da hara xərclənməsi barədə sabiq banker məhkəmədə aydınlıq gətirə bilər. Mümkündür ki, bu mənimsəmə də C.Hacıyevin “ayağına yazılsın”.