Yenifakt.info

Müstəqil xəbərlər portalı

Gündəm

Kollegiya 7 vəkili cəzalandırıb

Üzvlük haqqını ödəməyən 2 vəkillə bağlı məhkəməyə müraciət edilib

Vəkillər Kollegiyası Rəyasət Heyəti daha 7 vəkili cəzalandırıb. Onlardan ikisinin Vəkillər Kollegiyası üzvlüyündən kənarlaşdırılması üçün məhkəməyə müraciət edilməsinə qərar verilib.

Bu haqda Vəkillər Kollegiyasının (VK) dekabrın 14-də yaydığı məlumatda bildirilir.

Vəkillərin cəzalandırılması barədə qərarlar kollegiyanın Rəyasət Heyətinin dekabrın 13-də keçirilmiş iclasında qəbul edilib.

Rəyasət Heyətinin ümumilikdə vəkillər barəsində başlanılmış 40 intizam icraatı barədə rəylərə baxdığı bildirilir. Müzakirələrin yekununda 2 vəkilin fəaliyyətinin dayandırılaraq Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət olunması barədə qərər qəbul olunub. Kollegiyanın məlumatına görə, həmin vəkillər üzrlü səbəb olmadan üzvlük haqqını 6 aydan artıq müddətə ödəmədiklərinə görə cəzalandırılıblar.

Vəkillə bağlı müəyyən edilmiş səlahiyyətləri aşmaqla qanunvericiliyin tələblərini pozduğu deyilən daha bir Kollegiya üzvünün isə fəaliyyəti 6 ay müddətinə dayandırılıb.

Daha 3 vəkilə töhmət, 2 vəkilə xəbərdarlıq verildiyi bildirilir. Bu cəzaların səbəbələri açıqlanmır. Cəzalandırılan vəkillərin adları da açıqlanmayıb.

27 iş üzrə pozuntu aşkar edilmədiyi, 5 intizam işi üzrə isə əlavə araşdırma aparılacağı bildirilir.

Vəkillər Kollegiyası bundan əvvəl – sentyabrda dörd, oktyabrın sonunda isə 2 vəkilin fəaliyyətinin dayandırılmasına qərar vermişdi.

MEYDAN TV

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir