Müsahibimiz Sumqayıtda polis əməkdaşları tərəfindən təhdit edildiyini bildirən Rəhim İbrahimovdur
Sosial şəbəkədə aktiv olduğunu, fərdi əmək fəaliyyətilə məşğul olduğunu bildirən Rəhim İbrahimov artıq bir ildən artıqdır ki, Sumqayıt polisləri tərəfindən təqibə məruz qaldığını deyir. Onun bildirdiyinə görə hər ay ən azı iki, üç dəfə polis sahə müvəkkili ilə görüşməyə məcburdur: ”Polis uşastkovı demək olar ki, hər gün məni kontrol edir. Yaşadığım ərazidə bütün fəliyyətim izlənilir. Təqribən 6 ay əvvəl polis şöbəsində təzyiqə və təhqirə məruz qaldım. Yayda Daxili İşlər Nazirinə müraciət ünvanladım. Heç bir xeyri olmadı, əksinə məni daha çox sıxışdırmağa başladılar. Sahə müvəkkilinin dediyinə görə polis şöbəsinə mənim narkotika satmağım haqqında şikayət daxil olub. Amma məni həbs etmirlər və mənimlə şərtlə danışırlar, susmalıyam”.
R.İbrahimov bütün baş verənlərin onun siyasi-ictimai fəaliyyətilə bağlı olduğunu iddia edir: “Mən əvvəllər Almaniyada yaşamışam. Geri döndükdən sonra mitinqlərdə iştirak etmişəm və sosial şəbəkələrdə aktiv olmuşam. Son dövrlər isə Mehman Hüseynovla bağlı kampaniyalra dəstək verirəm və hakimiyyətə yönəlik tənqidi fikirləri paylaşıram. Buna görə də mən “narkotika alverçisiyəm”. Yəqin növbəti dəfə bizim evimizdən tank çıxacaq”.
R.İbrahimov baş verənlərdən narahatlıq keçirdiyini dilə gətirsə də, hökumətin zəif olduğunu bildirir: “Mənim həbs olunmaq təhlükəm var. Məni qorxuzurlar. Lakin, bu hakimiyyətin nə qədər zəif olduğunun göstəricisidir. Mənim siyasi iddiam olmasa da, gördüyüm neqativləri deyirəm. Mehman Hüseynovun heç bir günahı yoxdur deməklə adamı narkotika alberçisi etmək olarmı?”.
Rəhim İbrahimov ailəsinin və özünün həyat təhlükəsizliyindən narahat olduğunu bildirdi.