Avropada olan mühacirlərin Azərbaycandakı ailə üzvlərinə və yaxınlarına qarşı təzyiqlər davam edir. Xüsusilə bu Avropa ölkələrində keçirilən mitinqlərdən sonra daha geniş xarakter alır. Son dövrlər Berlin şəhərində, xüsusilə Azərbaycan Səfirliyi qarşısında mühacirlərin mitinqləri hakimiyyət tərəfindən analoji addımların atılmasını sürətləndirir. Belə ki, 2019-cu ilin 29 martında Berlin şəhərində Azərbaycan səfirliyinin önündə “Siyasi məhbuslara azadlıq” tələbilə keçirilən mitinqdlərdə iştirak edən Fərid Məmmədovun da ailə üzvləri eyni aqibəti yaşamaqdadırlar. Bununla bağlı Fərid Məmmədovla sosial şəbəkə üzərindən bəzi suallarımıza cavab istədik:
-Fərid bəy, mühacirətdə siyasi fəallığınızı necə davam etdirirsiniz? – Bir gənc olaraq Avropadakı dəyərləri gördükdən sonra daha dərindən anlayıram ki, Azərbaycanı talayan bir tayfa qrupu hakimiyyətdədir və gənclərin inkişafıyla bağlı heç bir proqramlar, islahatlar həyata keçirilmir. Buna görə də ürəyimizdən keçir ki, kaş bizim də cəmiyyət bu cür olsun. Amma bir yandan da baxanda ki, söz danışan gəncləri şərləyib həbs edirlər, o zaman artıq kimlərin cəmiyyəti idarə etdiyi məlum olur. Bizim apardığımız mübarizə, tutduğumuz yol budur. Bunun üçün Avropada olan tədbirlərdə iştirak etməyə çalışıram, sosial şəbəkələr vasitəsilə fikirlərimi bildirirəm. Hökumətimiz də sağ olsun, trollar vasitəsilə şikayət edib səhifəmi bağlatdrırlar. Biz axı azad söz, azad cəmiyyət istəyirik. Burda nə qəbahət var ki?
– Fəaliyyətinizlə bağlı hansı təzyiqlərlə üzləşmisiz? – İlk öncə psixoloji təzyiqi qeyd etmək istəyirəm. Həmişə valideynlərim mənə deyirdi ki, çox şeylər yazma, demə. Deyirdim ki, düşüncələrimi yazıram. Lakin sonuncu -29 mart Berlin mitinindən bir-iki gün sonra Sabunçu Polis İdarəsindən atama zəng gəlib və onun polisə gəlməsi bildirilib. Qeyd edi ki, idarədə atamdan mənim harada olmağımı, kimin qrupunda yer aldığımı soruşublar. Sonra bildiriblər ki, məni həbs edəcəklər, mən dövlətə qarşı olan qruplara qoşulmuşam. Atam Məmmədov Mənsur sadə, zəhmətkeş adamdır. Baş verənlərdən o da, anam da ağır sarsıntı keçiriblər. Mən sadəcə onlara bildirdim ki, onların bu etdikləri qeyri-qanunidir.
-Son durum nə yerdədir? –Çox təəssüf ki, gərginlik var. Valideynlərim hesab edir ki, baş verənlərdə mən günahkaram. Halbuki, hətta cinayət əməli törətsəm belə, bunda onlar heç bir məsuliyyət daşımırlar. Baş verənlər sadəcə Azərbaycan hakimiyyətinin rəzilliyidir, özbaşınalığıdır. Mən bu cür hakimiyyətin bizi idarə etməsini indi daha çox istəmirəm. Çünki, onun bir adı var, diktatura. Buna görə də öz siyasi fəaliyyətimi davam etdirəcəm.