Alman qəzetinin həyatını riskə atan qadın jurnalistlər haqda məqaləsində Xədicə İsmayıl barədə nələr yazılıb?
Almaniyanın “Die Zeid” qəzeti müxtəlif ölkələrdə həyatını riskə atıb jurnalist fəaliyyətilə məşğul olan qadınlar, onlara qarşı təzyiqlərlə bağlı məqalə yayımlayıb. “Islam dünyasının ən cəsarətli jurnalistləri” başlıqlı məqalədə Azərbaycandan araşdırmaçı jurnalist Xədicə Ismayıl, onun məruz qaldığı təzyiqlərdən də bəhs olunur. Məqalənin tərcüməsini qısa ixtisarla təqdim edirik:
Islam dünyasının ən cəsarətli jurnalistləri
Bu qadınlar avtoritar rejimlərin korrupsiya əməliyyatlarına, ədalətsizliyə qarşı çıxırlar və bu işi görməklə həyatlarını risk altında qoyurlar.
Oktyabrın ortalarında Frankfurtda kitab yarmarkası keçiriləcək, orada ikinci dəfə Rauf Bədəvi mükafatının ikinci dəfə təqdimatı keçiriləcək. O, ifadə azadlığı hüququndan istifadə etdiklərinə görə Səudiyyə həbsxanalarında yatan şəxslərlə bağlı insanların vicdanını oyatmağa yönəlik çağırışlar edib. Bədəvi hələ də şallaqlanmaq təhlükəsi altındadır. Onunla bağlı 1000 şallaq cəzasına dair hökm çıxarılıb.
Bu mükafatın məqsədi həm də Islam ölkələrində jurnalistlərin qarşılaşdığı bir çox dəhşətli hadisələrə diqqət çəkməkdir. O jurnalistlər inandıqları dərəylərin bərqərar olması üçün çalışır, azadlıq uğrunda öz həyatlarını riskə atırlar.
Görkəmli şəxslərdən ibarət münsiflər heyəti yaxın həftələrdə qalibi və ya qalibləri müəyyənləşdirəcək. Ilk namizədlərin adları artıq bəllidir. Namizədlər bunlardır:
Xədicə Ismayılova
Avtoritar ölkələrdə hakimiyyətdə olan şəxsləri tənqid eləmək, araşdırma aparmaq nə dərəcədə təhlükəlidir – Xədicə Ismayılova dəfələrlə bunu öz təcrübəsində görüb. “Azərbaycanın cəsarətli jurnalisti” adlandırılan Xədicə ilk növbədə prezident Ilham Əliyev və ailəsinin biznesini araşdırırdı, elə buna görə də hakimiyyətin düşməninə çevrildi. 2012-ci ildə Xədicə Ismayılova evinə gizli şəkildə quraşdırılmış kamera ilə lentə alınmış görüntülərlə şantaj olundu. 2013-cü ildə o, ictimai işlər cəzasına məhkum edildi. 2014-cü ildə isə həbs olundu və bir də bu il mayın 25-də azadlığa buraxıldı.
Azərbaycan mətbuatı dünyada ən az azadlığı olan ölkələrdəndir. Ölkədəki bütün telekanallar və radiolar hakimiyyətin nəzarəti altındadır. Ölkədəki ədalətsizliyi, qeyri-şəffaflığı ifşa edən Xədicə Ismayılova cəsarətli jurnalist kimi nadir nümunələrdəndir.
Lilian Daud
Misirdə Lilian Daudun aparıcılıq etdiyi tok-şounu həftənin bazar ertəsindən cümə gününə qədər milyonlarla tamaşaçı izləyirdi. Daud siyasətçilər, biznesmenlər və sadə vətəndaşlarda Misirin ictimai-siyasi həyatında baş verənləri müzakirə edirdi. Amma Misirdə siyasi məzmunlu sonuncu tənqidçi tok-şou da dayandırıldı. Bu azmış kimi, Daud özü də həbs olunaraq, bir müddət saxlanıldı. Sonradan o, ölkəni tərk eləmək məcburiyyətində qaldı.
Şammi Hak
Banqladeşdən Şammi Hak islamçı ekstremist təşkilat olan “Bangla Team”in ölüm hökmü verdiyi şəxslərin siyahısında yer alıb. Bu ölkədə bir çoxlarına gördükləri iş həyatları bahasına başa gəlib. Banqladeşdə bloggerlərin küçədə öldürülməsi hallarına dəfələrlə rast gəlinib. Şammi Hak da təqib olunub, əvvəlcə polis tərəfindən mühafizə edilsə də, 2015-ci ildə Almaniyaya qaçmaq məcburiyyətində qalıb.
Afərin Çitsaz
Iranlı Afərin Çitsaz gənc jurnalistdir və bu ölkədəki dövlət qəzetlərindən birində işləyib. O, prezident Həsən Ruhaninin siyasətini tənqid edən yazılarına görə 2015-ci ilin noyabrında həbs edilib, işgəncələrə məruz qalıb. Xarici hökumətlərlə əlaqədə ittiham edilən jurnalist 2016-cı ilin iyulunda 324 min dollarlıq girov məbləğində azad edilib.
***
Iraq və Suriyadan Leyla Məhəmməd, Hevi Əhməd, Hənin Həsən, Suzan Yahyanın da adı namizədlər siyahısındadır.