Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Qanunsuzluğun qanuniləşdirilməsinə start verildi

konst-mehkeme-referendum-qerarQanunsuzluğun qanuniləşdirilməsinə start verildi

Azərbaycanda qanunların yalnız kağız üzərində olması, hökumətin istənilən qanunu asanlıqla tapdaya bilməsi, məhkəmələrin sifarişlə işləməsi, hüquq mühafizə orqanlarının hökumətin cəza vasitəsinə çevrilməsi heç kimə sirr deyil. YAP hakimiyyəti təkcə maddi sərvətləri talan etmədi, həm də qanunlara təcavüz etdi, mənəvi sərvətləri taladı.

Azərbaycanda qanunların, məhkəmələrin heç bir hökmünün olmadığı növbəti dəfə özünü göstərdi. Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun ötən gün keçirilən iclasında Azərbaycan prezidenti Ilham Əliyevin Konstitusiyaya təklif etdiyi dəyişikliklərin Azərbaycan Konstitusiyasının tələblərinə uyğunluğu barədə əsaslandırılmış rəy verilib. Bəli, Konstitusiya Məhkəməsi prezidentlik müdətinin uzadılmasına, sülalə hakimiyyətinin legitimləşməsinə müsbət rəy verdi. Həm də qısa müddətdə, operativ şəkildə. Bu qədər taleyüklü məsələyə rahatlıqla,  heç bir kompleks keçirmədən “hə” dedilər. Konstitusiya Məhkəməsi Konstitusiyanın “şillə-təpik”ə məruz qoyulmasını qanuni hesab etdi.

Hansıki, devalvasiyadan sonra dollarla krediti olanlara güzəşt edilməsi, zərəri dövlətin ödəməsi məsələsi də Konstitusiya Məhkəməsinin müzakirəsinə verildi və məhkəmə vətəndaşın zərərinə qərar qəbul etdi. Yəni Konstitusiya Məhkəməsi məmur banklarının tərəfini tutdu, vətəndaşa üz çevridi. Hansıki, Ukraynada, Qazaxıstanda və başqa ölkələrdə bunun əksinin şahidi olduq.

Yaxud hər dəfə seçkilərdən sonra kobud seçki saxtakarlıqları qeydə alınsa da, beynəlxalq müşahidəçilər seçkini tanımasa da, Avropa Məhkəməsi seçkilərin saxtalaşdırılmasıyla bağlı qərarlar qəbul etsə də, Konstitusiya Məhkəməsi bir qayda olaraq hökumətin sifarişini icra edib. Bugünə qədər Konstitusiya Məhkəməsinin hər hansı müsbət qərar qəbul etdiyi müşahidə olunmayıb. Azərbaycanda məhkəmə ssiteminin olmadığına görədir ki, ölkə vətəndaşları hüquqlarını Avropa Məhkəməsində axtarır.

Bu dəfə isə Konstitusiya Məhkəməsi rüsvayçı qurum olduğunu bir daha təsdiqlədi. Konstitusiyanın birinci maddəsinə görə, “hakimiyyət xalqa məxsusdur”. Amma 1-ci maddə 23 ildir ləğv olunub və Konstitusiya Məhkəməsi buna səssiz qalıb. Ona görə də Konstitusiyanın heç bir hökmünün olmadığı ölkədə Konstitusiya Məhkəməsinni olması da heç nəyi dəyişmir. Faktiki olaraq Konstitusiya Məhkəməsi Konstitusiyanın zorlanmasına “yaşıl işıq” yandırmaq üçün lazımdır. Bəli, Konstitusiya Məhkəməsi bütün mürtəce addımların qanuniləşdirilməsi üçün mövcuddur. Necə ki, böyük banklar, ticarət mərkəzləri, şadlıq evləri, holdinqlər hökumət komnadasına məxsusdur, eləcə də məhkəmələr də hökumət komnadasının obyektləridi.

Nəhayət, Konstitusiya Məhkəməsinin referendum qərarı verməsi bir daha təsdiqlədi ki, bu ölkədə vətəndaşın üz tutacağı heç bir orqan yoxdur. Deməli, problemlərin həlli yalnız xalqdan asılıdır. Hökumət ölkənin ən ağır vəziyyətində şəxsi maraqlar üçün fəaliyyət göstərirsə, vətəndaş da özünün və dövlətin maraqları naminə fəaliyyət göstərməlidir.

Bu ölkədə müstəqil məhkəməni, qanunun aliliyini yalnız xalq təmin edə bilər. Qanun adı altında fəaliyyət göstərən qurumlar vətəndaşın manqurtlaşmasına, hüquqsuzluğun normaya çevrilməsinə xidmət edir. Bu təhlükəli tendensiyanı durdurmaq üçün vətəndaş ölkəsinə sahib çıxamlı və düzgün qərar verməlidir. Bütün qanunların bir nəfərin, bir komandanın maraqlarına xidmət etməsi, daha böyük faciələrin baş verəcəyinin xəbərçisidir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir