Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Təndir ətri

“Təndir ətri – Kulinariya yarışması” layihəsi çərçivəsində Ucar rayonunda həyata keçirilən tədbirlər başa çatmışdır.

 

Layihə C kateqoriyası üzrə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin əsas məqsədi Azərbaycanın maddi mədəniyyətinin tərkib hissəsi olan milli mətbəximizin ənənələrinin qorunub saxlanılması, öyrənilməsi, təbliği və inkişaf etdirilməsinə yardım etmək, gənc qızlarımızı öz mətbəxinin xanımı, sahibi kimi yetişdirməkdir, onları vətənə, dövlətə, millətə, maddi mədəniyyətimizin bir qolu olan milli mətbəximizə, adət-ənənələrimizə sədaqət ruhunda tərbiyə olunmasını təmin etməkdir. Mətbəx maddi mədəniyyət abidəsidir. Mənfur qonşularımız torpaqlarımızın işğalı ilə yanaşı, indi də süfrəmizin müxtəlif növ çörəklərini özününküləşdirməyə, mətbəximizin gözəl nümunələrini “erməni mətbəxi” kimi qələmə verməyə çalışırlar. Buna görə də, gənc qızlarımız öz adət – ənənələrimizi dərindən bilməli, mətbəximizin sirlərini örənməlidirlər.

 

tendirAzərbaycan kulinariyası öz tarixi kökləri və özünəməxsusluğu ilə başqa xalqların mətbəxindən xeyli fərqlənir. Azərbaycan xörəkləri yüksək dad-tam keyfiyyətləri ilə dünyada məşhurdur. Onları başqaları ilə qarışıq salmaq olmaz. Layihə çərçivəsində təşkil edilən tədbirlərdə iştirak edən gənc xanımlarımız milli mətbəximizin spesifikliyi, özünəməxsusluğu haqqında təlimlərdə biliklər qazandılar, həmçinin müxtəlif milli xörəklərimizin, şirniyyat və şərbətlərimizin hazırlanmasında, Azərbaycan xalqının maddi mədəniyyət nümunəsi olan təndir çörəyinin, yuxanın, lavaşın bişirilməsində birbaşa iştirak etdilər. Tədbirlər zamanı yeniyetmə və gənc xanımlarımızın mətbəximizin min illər ərzində nəsillərdən –nəsillərə ötürücüləri olan nənələrimizlə, analarımızla görüşləri keçirildi. Onlar gənc qızlara Azərbaycan milli mətbəxinin müxtəlifliyindən, rəngarəngliyindən, bənzərsizliyindən söhbət açdılar. Gənc qızlara mətbəximizin nümünələrindən olan xəmir xörəklərindən xəngəlin, yuxanın və fəsəlinin, təzə təndir çörəyi, isti çörək və yağdan hazırlanan döyməcin, ətli yeməklərdən quzu buğlamasını, kababın, kəlləpaçanın, dolmanın müxtəlif növlərini, xüsusən qışda yeməklərimizdə istifadə olunan şərablardan-zoğal, göyəm şərabı , mixəşərin, turş meyvələrdən hazırlanan meyvə döyməci və s necə hazırlanıb bişirilməsini öyrətdilər.. Ana və nənələrimiz gənc xanımlara təndirin hansı torpaqdan hazırlanma texnologiyasından, təndirdə çörəyin necə bişirilməsindən danışdılar və onu əyani surətdə göstərdilər. El arasında belə bir deyim var: Mələklər yalnız təndir çörəyinin ətrinə yerə enirlər. Onlar qeyd etdilər ki, təndirin yeraltı və yerüstü növləri daha geniş yayılıb.”Təndir” sözü də qədim türk xalqlarına məxsusdur. Tədbir iştirakçıları daha bir Azərbaycan çörəyinin- yuxanın (lavaş) sacda necə bişirilməsini öyrəndilər. “Yuxa” sözü də qədim türk dilində “nazik” deməkdir, yəni xəmir çox yayılaraq nazik çörək bişirilir. Azərbaycan məişətinin ayrılmaz hissəsi olan təndir və sacda təkcə çörəklər deyil, bir sıra milli mətbəx nümunələri də hazırlanır.

Öz tarixi, maddi-mədəniyyət nümunələri və süfrə mədəniyyəti ilə zəngin olan Odlar yurdu Azərbaycanın hər bir bölgəsində yaşayan gənc xanımlarımız bizim gələcək Analarımızdı, mətbəximizin sahibləridir. Onlar həm də maddi mədəniyyət abidəmiz olan milli mətbəximizin qoruyucuları, gələcək nəsillərə ötürənlərdir. Bu ənənəni davam etdirmək, nənələrimizin, analarımızın layiqli davamçılarını yetişdirmək üçün gənc xanımlara mətbəximizin sirlərini öyrətmək, xüsusilə də onların vətənə, dövlətə, millətə, tariximizə, mədəniyyətimizə, adət-ənənələrimizə sədaqət ruhunda tərbiyə olunmasında belə layihələrin böyük rolu vardır.

Layihə Aytəkin Kərimova tərəfindən həyata keçirilir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir