“Yeni Həyat – İqtisadi İnkişaf” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Lahıc misgərlik sənətinin inkişaf perspektivləri ilə bağlı tədbirlərin təşkili” layihəsi çərçivəsində tədbir keçirib. İsmayıllı rayon Lahıc qəsəbəsində baş turan görüşdə rayon icra hakimiyyətinin yerli nümayəndəsi, Lahıc kənd orta məktəbinin direktoru, kənd ziyalıları və misgərlər iştirak edib.
Tədbirdə çıxış edən layihə rəhbəri Ədil Ədilzadə qeyd edib ki, 3 ay həyata keçirilən layihə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilən Lahıc misgərlik sənətinin inkişaf etdirilməsindən bəhs edir.
Ə. Ədilzadə bildirib ki, Lahıc misgərlik sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsi bu sahəyə marağı daha da artırıb: “Artıq dövlət səviyyəsində Lahıc misgərlik sənətinin inkişafı daim diqqət mərkəzində saxlanılır. Ancaq aparılan araşdırmalar onu deməyə əsas verir ki, göstərilən diqqət və qayğıya baxmayaraq Lahıc misgərlik sənəti məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb. Uzun illər Lahıcda fəaliyyət göstərən sənətkarlar bu sahədə az gəlir olduğuna görə, Bakıya üz tutublar. Xammal təminatında bir sıra problemlər var. İstehsal olunan məhsulların satış bazarı demək olar ki, yox səviyyəsindədir. Bütün bunlar Lahıc misgərlik sənətinin məhv olma təhlükəsi ilə üz-üzə qoyub”.
Layihə çərçivəsində görülən işlərdən danışan təşkilat sədri bildirib ki, 3 ay müddətində Lahıc misgərlik sənəti ilə bağlı mövcud vəziyyətinin təhlil edilib, Lahıc misgərlik sənəti ilə bağlı dövrü mətbuatda yazılar dərc olunub. Tədbirdə çıxış edən Lahıc qəsəbəsinin icra hümayəndəsi Fikrət Haqverdiyev Lahıc misgərlik sənətinin tarixindən danışıb. Qeyd edib ki, cənab prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində bu sənət dünya miqyasında tanınır. Hazırda Lahıc misgərlərinin illərdən bəri yığılıb qalan problemlərinin hamısı öz həllini tapıb. F.Haqverdiyev layihənin əhəmiyyətindən danışıb. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən layihə misgərlik sənətinin daha da inkişafına öz tövhəsini verəcək.
Tədbirdə çıxış edən Lahıc qəsəbə tam orta məktəbinin direktoru Hikmət Haqverdiyev Lahıcda fəaliyyət göstərən misgərlərin bu sənətin inkişafı üçün davamlı addımlar atdığını bildirdi. Qeyd etdi ki, hazırda Lahıcda yeni orta məktəb inşa olunur. İcra başçısı Mirdamət Sadıqovun göstərişi ilə köhnə məktəb binasında misgərlik kurslarının açılışı təmin ediləcək.
Sonda Rza ustanın emalatxanasında Lahıc misgərlik sənəti ilə bağlı məmulatların yayımı ilə bağlı sərgi təşkil olundu.