Yenifakt.info

Müstəqil xəbərlər portalı

Sosial-iqtisadi

AZƏRBAYCANDA DEVALVASİYA ŞOKU

Məlum olduğu kimi ötən gün  AR Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə manatın devalvasiyası baş verdi və nəticədə manat valyuta qarşısında 34% ucuzlaşaraq  1.05 AZN səviyyəsində müəyyən edildi. Mərkəzi Bank bu qərarını milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək məqsədilə ilə izah etdi.

Məlum olduğu kimi Azərbaycan iqtisadiyyatında neftdən asılılıq pik səviyyədədir və dünya bazarlarında neftin qiymətində mövcud ola biləcək hər hansı enmələr bu və ya digər formada ölkə iqtisadiyyatına daha dəqiq desək milli valyutaya təsiri bir neçə ildir yerli və xarici ekspertlər tərəfindən qeyd olunur. Buna baxmayaraq ötən illər əzrində hökümət tərəfindən ölkədə qeyri-neft sektorunun inkişafı istiqamətində demək olar ki, heç bir addım atılmadı. Nəticədə neftin qiymətində müşahidə olunan kəskin enmələr öz təsirini çox gözlətmədi.

Hökumətin devalvasiya təhlükəsi barədə proqnozlara inkaredici münasibətinin pik nöqtəsi isə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmovun açıqlamaları oldu. Belə ki, devalvasiya haqqında rəsmi qərarın elan edilməsindən (21 fevral, 2015) cəmi üç gün əvvəl dövlət televiziyasına çıxan Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov Azərbaycanda kəskin devalvasiyanın gözlənilmədiyini birmənalı şəkildə bəyan etdi.

Sitat: “Azərbaycanda kəskin devalvasiyanın aparılması üçün heç bir səbəb yoxdur. Təbii ki, kəskin devalvasiyanın aparılması ölkədəki iqtisadi agentlərin, sahibkarların, əmanətçilərin (banklara manatla əmanət yatıranlar) mənafelərinə zidd olardı. Başqa ölkələrdən fərqli olaraq, biz bu addımı atmadıq. Birmənalı olarq deyirəm ki, bu addım barədə heç düşünülmür”.

Lakin MB rəhbərinin bu çıxışından 3 gün sonra ölkədə “soyuq duş” effekti verən devalvasiya baş verdi. Əhali arasında baş verən çaşqınlıq, bankların qarşısında olan uzun növbələr, əhalinin əmanətləri banklardan kütləvi şəkildə geri çəkməsi mövcud durumun ciddiliyindən xəbər verir. Heç şübhəsiz baş verən devalvasiyadan ən çox zərər görən sadə vətəndaş, banklar və sahibkarlar olacaqdır. Bankların uzun müddət xarici valyutada verilən kreditlərin yaxın zamanlarda böyük baş ağrısına çevriləcəkdir.

Eyni zamanda milli valyutanın 30% faizdən çox dəyərdən düşməsi ilə bağlı qərar hökümətin bu illər ərzində “analoqu olmayan iqtisadi inkişaf” kimi pafoslu fikirlərin sadəcə sözdən ibarət olduğuna şahid olduq.   Məlum oldu ki,  xərclənən çox böyük neft pulları müqabilində ölkənin idxaldan çox böyük dərəcədə asılılığına son verilməyib. Ölkə iqtisadiyyatı çox qeyri-səmərli idarə olunub.  

Ehtimal olunur ki, devalvasiya nəticəsində ölkədə baş verən ajiotaj, dollara olan kəskin tələbat qısa müddət ərzində Mərkəzi Bankın valyuta rezervlərinin sürətlə əriməsinə səbəb olacaqdır.

Zamiq Şükürov
iqtisadçı-ekspert

 

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir