Üzərindəki şərti cəza ilə əlaqədar ölkədən çıxışına məhdudiyyət olan keçmiş deputat Gülər Əhmədovaya üç aylıq xaricə getməyə icazə verildi. İyulun 12-də Bakı Apellyasiya Məhkəməsi keçmiş deputatın şikayətini qismən təmin edərək belə qərar verib.
Şərti məhkumluğuna görə üzərinə qoyulmuş sınaq müddətinin başa çatmasına 10 ay qalsa da, G.Əhmədova onkoloji xəstəliklə əlaqədar xaricdə cərrahiyyə əməliyyatına ehtiyacı olduğunu bildirərək, ölkədən çıxışına 8 aylıq icazə istəmişdi. Lakin Yasamal rayon Məhkəməsi sabiq deputatın bu barədə vəsatətini təmin etməmişdi. Bu gün apellyasiya məhkəməsində Həsən Əhmədovun sədrliyi ilə hakimlər kollegiyası sözügedən qərarı ləğv edib.
«3 AY MƏNƏ AZDIR»
Cəmi 3 aylıq icazə verilməsi G.Əhmədovanı qane etmir. Bu barədə o, məhkəmədən sonra jurnalistlərə açıqlamasında bildirib: «Həkimə getmək üçün yaranmış bu şansı dəyərləndirəcəyəm. Çünki sağlamlığımda ciddi problemlər var – əvvəldən də var idi, həbsdə daha da kəskinləşdi. Ailəmdə də müəyyən problemlər var, həyat yoldaşım uzun müddətdir həm şəkər, həm də onkoloji xəstədir. Xaricdə müalicəyə ehtiyacımız var və bu imkandan istifadə edəcəyik. Amma şübhəsiz ki, bu qərar məni qane etmədi. Çünki elə viza almaq xeyli vaxt aparır. Vizanın alınması, həkimlərlə danışılması, cərrahiyə əməliyyatı vaxt aparan məsələlərdir. Bu baxımdan üç ay mənə azdır».
G.Əhmədova qeyd edib ki, qərardan kassasiya şikayəti verib-verməməyəcəyini, hələlik, müəyyənləşdirməyib.
Həbsdə olduğu müddətdə səhhətindəki problemlərin kəskinləşdiyini deyən keçmiş deputat söyləyir ki, orada yeni xəstəliklər tapıb: «Kim ki həbsdə olmayıb, onlar güman edir ki, oradakılar sanatoriyaya gedib. Amma bu elə deyil. Jurnalistlərin arasında da həbsdə olanlar var və başa düşürlər ki, ora çox ağır bir həyat tərzidir. Mənim yaşda, əvvəldən xəstəlikləri olan insana, əlbəttə ki, ağır idi. Əvvəldən təzyiq, şəkər xəstəliklərim var idi ki, həbsdə olanda daha da şiddətləndi. Orda ağciyər problemi qazandım».