Yenifakt.info

Müstəqil xəbərlər portalı

Siyasət

Sivil Toplum Platformasından hökumətə çağırış

2011-ci ilin sentyabr ayında BMT-nin 66-cı Baş Assambleyasında rəsmi olaraq yeni beynəlxalq təşəbbüs – Açıq Hökumət Tərəfdaşlığı elan edildi və 8 təsisçi ölkə (Braziliya, ABŞ, CAR, Filippin, Norveç, Meksika, İndoneziya, Böyük Britaniya) Açıq Hökumət Bəyannaməsini imzaladı, 38 ölkə isə bu təşəbbüsə qoşulmaq niyyətini bəyan etdi. Hazırda 70 ölkənin imzaladığı “Açıq Hökumət Bəyannaməsi”ndə qeyd edilir ki, bütün dünyada getdikcə xalqlar daha açıq, effektiv, məsuliyyətli və şəffaf idarəetməyə sahib olmaq, vətəndaş iştirakçılığının genişləndiyi, vətəndaşın görəvləndirildiyi, korrupsiya ilə effektiv mübarizə aparıldığı sistem qurmaq istəyirlər.
Bəyannaməni imzalayan hökumətlər həmin məqsədlərə çatmaq üçün 4 istiqamət üzrə öz üzərlərinə öhdəlik götürdüklərini bəyan etdilər: 1) hökumətlərin fəaliyyəti ilə bağlı məlumatlara əlçatanlığın artırılması; 2) idarəetmədə vətəndaş iştirakçılığının genişləndirilməsi; 3) dövlət idarəetməsində yüksək peşə etikasının tətbiqi; 4) hökumətin daha hesabatlı və açıq olması üçün yeni texnologiyaların tətbiq olunması.

Azərbaycan Açıq Hökumət Tərəfdaşlığı Bəyannaməsinə qoşulmaq niyyətini bəyan edən ilk ölkələrdən olub. Hökumət Təşəbbüsün yaradılmasının növbət ili – 2012-ci ildə 2 mühüm sənəd – Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Fəaliyyət Planı və Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı qəbul edib. Müstəqil qiymətləndirmələrin rəyinə görə, hökumət Fəaliyyət Planında üzərinə götürdüyü öhdəlikləri nəinki tam yerinə yetirməyib, hətta prosesə ictimai nəzarət funksiyasını həyata keçirən vətəndaş cəmiyyətinin fəaliyyətini məhdudlaşdıran addımlar atıb. Elə bunun nəticəsidir ki, 2014-cü ilin ikinci yarısından etibarən ölkədə müstəqil QHT-lərin fəaliyyəti mümkünsüz olub.

Növbəti fəaliyyət planı 2015-ci ilin iyulunadək qəbul edilməli olduğu halda onun qəbulu ləngiyib. Yeni fəaliyyət planı – Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı 2016-cı ilin aprel ayının 27-də qəbul olunub.

Açıq Hökumət Tərəfdaşlığının Rəhbər Komitəsi tərəfindən 2014-cü ilin sentyabrında qəbul edilən “Tənzimləmə Siyasəti” adlı sənədin tələbinə görə, üzv ölkələr vətəndaşların və sivil toplumun informasiyalara əlçatanlığı məhdudlaşıdırmaqdan, QHT-lərin müstəqil işləməsinə, onların daxili və xarici fondlardan maliyyə alması üçün mühit pisləşməsinə, tənqidi səslərin boğulmasına imkan verməməli, hökumət vətəndaş cəmiyyəti ilə müzakirələrdə manipulyasiyadan qaçmalı, məsələhətləşmələrdə müstəqil QHT-ləri tərəfdaş kimi görməli, birləşmək və ifadə azadlğının məhdudlaşdırılmasına yönəlik addımlardan çəkinməlidir.

Açıq Hökumət Tərəfdaşlığı təşəbbüslərinin əsas üstünlüyü budur ki, hökumətlər özlərinin açıqlığı və hesabatlılığı ilə bağlı milli fəaliyyət planlarının hazırlanmasına və həyata keçirilməsinə mütləq vətəndaş cəmiyyətini cəlb etməlidirlər. Faktiki olaraq vətəndaş cəmiyyətinin olmadığı, yaxud vətəndaş cəmiyyətinin bərabərhüquqlu tərəfdaş kimi tanınmadığı ölkələrin Açıq Hökumət Tərəfdaşlığı üzrə beynəxalq Platformada təmsilçiyi qeyri-mümkündür.

2016-cı il may ayının 4-də Cənubi Afrika Respublikasının Cape Town şəhərində keçirilən Açıq Hökumət Tərəfdaşlığının Rəhbər Komitəsinin növbəti iclasında Azərbaycanın Açıq Hökumət Tərəfdaşlığındakı üzvlük məsələsinə baxılıb və onun statusu tamhüquqlu üzvlükdən qeyri-aktiv ölkə statusuna endirilib. Komitə bu addımın atılmasının əsas səbəbi kimi Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə yaradılmış məhdudiyyətləri göstərib. Rəhbər Komitə hesab edib ki, QHT-lərin fəaliyyəti üçün məkanın qapadılması Açıq Hökumət Tərəfdaşlığının prinsip və dəyərlərini sarsıdır.

İndi Açıq Hökumət Tərəfdaşlığı qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmək üçün Azərbaycan hökumətinin 1 il zamanı var. Bu müddətdə hökumət vətəndaş cəmiyyəti ilə bağlı problemlərin aradan qaldırılması istqamətində konkret addımlar atmalıdır. Yeni statusda Azərbaycan səsvermə hüququndan məhrum edilsə də Açıq Hökumət Tərəfdaşlığı çərçivəsində keçirilən tədbirlərdə müşahidəçi qismində iştirak edə biləcək. Statusun növbəti müzakirəsi tarixinə qədər hökumət Açıq Hökumət Tərəfdaşlığının müxtəlif komitələrindən və işçi qruplarından zəruri dəstək ala biləcək.

Sivil Toplum Platforması Azərbaycanın Açıq Hökumət Tərəfdaşlığına üzv ölkələr arasında tamhüquqlu üzvlük statusunu itirən yeganə ölkə olmasına təəssüf edir, hökuməti qısa müddətdə öhdəliklərini yerinə yetirməyə çağırır. Hökumət Açıq Hökumət Təşəbbüsün əsas dayaqları olan şəffaflıq, hesabatlılıq, ictimai iştirakçılıq prinsiplərini öz fəaliyyətində əsas tutmalı, idarəetmənin keyfiyyətini yaxşılaşdırmalı, əhalinin keyfiyyətli xidmətə əlçatanlığı artmalıdır.

Sivil Toplum Platforması hesab edir ki, Azərbaycanda Açıq Hökumət Təşəbbüslərinin yayılması istiqamətində vətəndaş cəmiyyəti ilə konsultativ mexanizmlərin qurulması, o cümlədən vətəndaş cəmiyyətinin cəmləşdiyi Platformanın yaradılması, hökumətin vətəndaş cəmiyyətinin səslərini eşitməsi, onlarla dialoq və məsləhətləşmələr aparması vacibdir.

Sivil Toplum Platforması vətəndaş cəmiyyəti üzvlərini bütün tərəflərin iştirakını nəzərdə tutan müstəqil Platformanın yaradılmasında səylərini artırmağa, hökuməti isə bu təşəbbüsü dəstəkləməklə yanaşı bütün tərəflərə bərabər şərait yaratmağa çağırır.

No Fields Found.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir