Yenifakt.info

Müstəqil xəbərlər portalı

Sosial-iqtisadi

NÖVBƏTİ DEVALVASİYA RİSKİ HƏLƏ DƏ YÜKSƏKDİR

Dəfələrlə Mərkəzi Bank və Maliyyə Nazirliyi tərəfindən manata təzyiqlərin olmadığı barədə təkziblər verilməsinə baxmayaraq, 21 dekabr 2015-ci il tarixdə ölkədə vətəndaşlar ikici devalvasiya şokunu yaşadılar. Ümumiyyətlə son 1 il ərzində manat 2 dəfədən çox dəyər itirmişdir. Dünya bazarlarında neftin qiymətinin kəskin enməsi, ölkədə valyutaya olan kəskin tələb nəticəsində valyuta ehtiyatlarının ciddi şəkildə azalması ikinci devalvasiyaya səbəb olmu, iqtisadiyyat, valyuta bazarı və manatın məzənnəsi neftin 1 barelinin 40-45 dollar qiymətinə adaptasiya olunmuşdur.

Bu gün bir sıra beynəlxalq maliyyə qurumları həmçinin ölkədə fəaliyyət göstərən iqtisadçı ekspertlər manata təzyiqlərin davam etdiyini bildirir. Avropa Birliyi və ABŞ tərəfindən İrana olan neft embarqosunun aradan qaldırıldığı halda dünya bazarlarında neftin qiymətinin kəskin ucuzlaşması fonunda, həmçinin ölkədəki valyuta ehtiyatlarının kəskin azalması nəticəsində hökümətin növbəti devalvasiyaya gedəcəyi ehtimal olunur.
Təxmini hesablamalara görə 1 dolların 2 manat səviyyəsinə qədər qalxması gözləniləndir. Hal-hazırda dövlət tərəfindən üzən məzənnə rejiminə keçilsə də, siyasi və inzibati müdaxilələr nəticəsində daha dəqiq “idarə olunan üzən məzənnə rejimi” nə keçilmişdir. Əks halda üzən məzənnə rejimində kəskin devalvasiya baş verər və manat kifayət qədər dəyər itirər.

Son iki ildə ölkənin valyuta ehtiyatlarında kəskin azalma baş vermişdir. Bu gün Mərkəzi Bankın valyuta ehtiyatları 4 mld dollar təşkil edir. Halbuki 2014-cü ildə dövlətin Mərkəzi Bankdakı valyuta ehtiyatları 15 mld dollar səviyyəsində idi. Hal-hazırda bütün proseslər onu göstərir ki, manat dəyər itirəcək.

Zamiq Şükürov
iqtisadçı-ekspert

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir