Kapital Bank Yasamal filialında baş verən dəhşətli hadisəyə münasibət bildirib. Bankın mətbuat xidməti “Qafqazinfo”ya açıqlamasında oğurluq faktını təsdiqləyib: “Ötən həftə Kapital Bank-ın Yasamal filialında (Landau küç., bina 6) baş verən hadisə ilə bağlı bildirmək istərdik ki, həqiqətən bankomata müdaxilə edilib.
Faktla bağlı cinayət işi açılıb və hazırda istintaq gedir. İstintaq gedişatına mane olmamaq üçün, istintaq yekunlaşanadək bu barədə ətraflı məlumat verə bilmərik. İstintaq bitəndən sonra Daxili İşlər Nazirliyi ilə birgə açıqlama verəcəyik”.
Qeyd edək ki, hadisə nəticəsində bankdan 174 min dollar oğurlandığı bildirilir.
***
Vergilər Nazirliyi yaxınlığındakı “Kapital bank” bankomatını iki nəfər “laqonda” ilə yarıb, 173.000 manatı oğurlayıb.Musavat.com xəbər verir ki, bu barədə məlumatı jurnalist Jalə Mütəllibova feysbuk səhifəsində yazıb.
Dəqiq xəbər olduğunu deyən jurnalist hadisənin Vergilər Nazirliyi yaxınlığında baş verdiyini bildirib: “Şəxsi xəbərdir və dəqiqidir. Günün günorta çağı, Vergilər Nazirliyi yaxınlığındakı Kapital bank bankomatını iki nəfər laqonda ilə yarıb, 173.000 manatı oğurlayıb. Üzlərində əlehqaz olub. Yaxınlıqdakı mühafizəçi soruşub ki, qardaş neynirsiniz? Adamlar soyuqqanlılıqla cavab veriblər ki, bəs, sanepidemstansiyadan gəlmişik, buraları dərmanlayırıq. Əsas məsələ odur mühafizəçi o qədər hazırlıqsız və sadəlöhv olub ki, ən elementar sualları belə verməyib. Maskalı qardaşlar, pulu götürüb gediblər, indi Yasamal polisi də, bank də oğru axtarışındadır…
Bu arada deyim ki, oğrulara məətəl qalmışam, oğrulara!.. Adamlarda ürəyə bax, ərazi kamera, rəsmi dövlət qurumları ilə dolu, günün tən ortasında, bankomatı sanepidemstansiya əməkdaşı adıyla laqondala, uf da eləmə?.. Adam nə gülə bilir, nə ağlaya…”