Yenifakt.info

Müstəqil xəbərlər portalı

Hadisə

Narkodispanserdəki yanğının şahidi: ”Bir nəfər qapının ağzında külə dönmüşdü”

Respublika Narkoloji Mərkəzində bu il martın 2-də 25 nəfərin ölümünə səbəb olmuş yanğınla əlaqədar həbs olunan dörd nəfərin – Mərkəzin direktoru Telman Məmmədhəsənov, əməyin təhlükəsizliyi üzrə mühəndisi Mahir Abdullayev, hadisə vaxtı orada xroniki alkoqolizmdən müalicə olunan xəstə, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəməsi davam edib.
Hakim Azər Paşayevin sədrliyilə keçirilən iclasda M.Abdullayev istintaqın və məhkəmənin düzgün aparılmamasına etiraz olaraq, aclıq aksiyasına başlaması barədə ərizəni məhkəməyə təqdim edilib.
M.Abdullayev sentyabrın 4-dən aclığa başladığını deyərək, məhkəmə zalından çıxarılmasını istəyib. Lakin o, zaldan çıxarılmayıb.
Zərərçəkənlər də M.Abdullayevin yanğın hadisəsinə aidiyyəti olmadığını bildirərək, onun buraxılmasını istəyiblər:
“Bunun nə günahı var? Bu, orada olmayıb. O gecə orada növbədə olanlar gəlsin bura, cavab versin. Bu işi belə qoymayacağıq. Biz dövlətə güvənib xəstəmizi ora qoymuşuq, külünü qaytarıblar”.
Narkoloji Mərkəzi yandırmaqda ittiham olunan M.Məmmədov yenə döyülməsindən danışıb. Bildirib ki, sənədləri imzalaması üçün ona işgəncə verilib.
Təqsirləndirilən həkim Afət Məmmədova məhkəmədə ifadəsində bildirib ki, heç kimdən rüşvət almayıb, hadisə baş verən ərəfədə də təkmilləşdirmə kurslarına getdiyi üçün işdə olmayıb.
M.Məmmədovu 2011-ci ildən müalicə etdiyini deyən A.Məmmədovanın sözlərinə görə, bu xəstə dispanserə 1998-ci ildən gəlib-gedib:
“Sadəcə, Mamed dayının oğlunun xahişi ilə dükandan ona siqaret, çay alıb verirdim. O biri xəstələr üçün də dükandan borc alırdıq, sonra yaxınları ödəyirdi. Bilsəydim ki, xəstəyə siqaret, çay verməyə görə nə vaxtsa məhkəmə qarşısına çıxarılacağam, heç vaxt eləməzdim. Kursa görə vaxt tapanda şənbə günü mərkəzə gəlirdim. Mamed dayıya demişdim ki, səni evə yazacağam. Amma mərkəzə gələndə qəbul həkimi dedi ki, Mamed dayı vəziyyəti ilə əlaqədar hələ də qalmalıdır. Özünə də bu barədə deyəndə sakit reaksiya verdi”.
Həkimi onu da qeyd edir ki, M.Məmmədovun özünə qəsd etmək istədiyinə inanmır.
Təqsirləndirilənlər T.Məmmədhəsənov və M.Abdullayev ifadə verməkdən imtina edib.
Məhkəmədə 5 zərərçəkmiş dindirilib, onlardan dördü ailə üzvlərini itirib, biri isə özü yanğın vaxtı orada olub, xəsarət alıb. Zərərçəkmiş Arifə Abbasova yanğında qardaşı Akifin, Məhbubə Dəmirova isə həyat yoldaşı ilə onun əmisi oğlunun öldüyünü deyib: “Yoldaşım yanğından 3 gün əvvəl – fevralın 28-də orda müalicəyə başlamışdı. Gedəndə müalicə üçün 400 manat aparmışdı. Hadisədən sonra həkiminə zəng elədik, pulu geri aldıq”.
Zərərçəkmiş Məhbubə Kərimova da dərmanlar üçün onlardan pul alındığını bildirib.
Mərkəzdə müalicə olunan və yanğından sağ çıxan Hüseyn Səfərəliyev də valideynlərinin onun müalicəsi üçün 600 manat verdiyini söyləyib. Hadisəni isə belə xatırlayıb: “Səhər tualetdən qayıdanda dəhlizə tüstü dolmuşdu. Kimsə qışqırdı ki, “Mamed otağı yandırdı, su gətir”. Adamları oyatmağa qaçdım. Bizim korpusun bir qapısı mismarlanıb bağlanmışdı, ikincisi açıq idi. Xəstələr də həmin qapıya kimi gələ bilməyib, otaqlardakı pəncərələrin “reşotka”larını sındırıb çıxmaq istəyirdi. Bir nəfər var idi, elə qapının ağzında külə dönmüşdü”.
Məhkəmə sentyabrın 7-də davam edəcək.
Narkoloji Mərkəzdə “alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə müalicə alan M.Məmmədov Cinayət Məcəlləsinin 120.2.4 (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9 (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə ittiham olunur. Əvvəlcə o, həbs olunub. Daha sonra T.Məmmədhəsənov, M.Abdullayev və şöbə müdiri Azad Ələkbərov həbs olunub. Hər 3 şəxs barəsində CM-nin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə – ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.
A.Məmmədova isə həbs olunmasa da, onun da barəsində cinayət işi başlanıb, CM-in 311-ci (rüşvət alma) maddəsilə ittiham elan olunub.
Şöbə müdiri A.Ələkbərovun səhhətində problemlər olduğu üçün onun barəsindəki cinayət işi ayrılıb. O, ürəyindən əməliyyat olunub.///Meydan.tv

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir