İri korrupsionerlər hələ də iş başındadır
Mediadan oxuyuram ki, Naxçıvan MR-nın hazırda həbsdə olan sabiq daxili işlər naziri Əhməd Əhmədovun məhkəmə istintaqı zamanı cəmi iki il ərzində təkcə sürücülük vəsiqəsinin və avtomobil nömrələrinin satışından 4,5 milyon manat rüşvət aldığı məlum olub.
İstintaqla müəyyən edilib ki, Naxçıvan MR Daxili İşlər Nazirliyinin Qeydiyyat, İmtahan və Texniki Baxış Şöbəsində 2015-2017-ci ilin 6 ayı ərzində sürücülük vəsiqəsi verilmiş 12 060 nəfər və avtomobilinə qeydiyyat nişanı verilmiş 20 773 nəfər vətəndaşdan qeyri-rəsmi qaydada bir həftədə 38 000 manat alınaraq Əhməd Əhmədova verilib.
Mən Əhməd Əhmədova irəli sürülən ittihahamları nəinki şübhə altına salmıram, hətta düşünürəm ki, ibtidai və məhkəm istintaqı tam, hərtərəfli və obyektiv aparılsaydı, qanunazidd halların, ictimai təhlükəli hərəkət və hərəkətsizliklərin dairəsi daha geniş olardı.
Lakin sual olunur, 1994-cü ilin avqust ayından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsində işləyən, 27 ildir ki, yol polisində açıq bazar elan edən, sürücülük vəsiqəsini aşkar satan, texniki baxışdan keçirilmə məntəqələrini alverxanaya döndərən, rüşvət və korrupsiya içində üzən Ramiz Zeynalov və onunkimilər nədən hüquq mühafizə orqanlarının, xüsusilə, Baş prokuror Kamran Əliyevin, Baş prokurorun yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbovun diqqətini çəkmir?
Ona görə ki, Ramiz Zeynalovun əvvəlki sahibi Ramil Usubov, indiki yiyəsi Vilayət Eyvazovdur? Bu səbəbdən ki, 27 il ərzində eyni vəzifəni tutan, Baş Dövlət Yol Polisi İdarəsini hərracxanaya çevirən Ramiz Zeynaov sahiblərinin, himayədarlarının yüksək faizlərini tam təmin edib, vaxtında çatdırıb, kələk gəlməyib? Yoxsa Baş Dövlət Yol Polisi İdarəsi ona sələflərindən özəl miras kimi qalıb, necə gəldi davrana bilər?
Hər zaman söylədiyimi bir daha təkrarlayıram: Azərbaycan xalqının və dövlətinin malını, sərvətini, pulunu-parasını oğurlayan iri korrupsionerlər iş başındadır, arın-arxayın qamarlayırlar, hərdən isə camaatın gözünə “rüşvət külü” üfürüb, zəif düşən klanın təmsilçilərini “korrupsiya eşafotuna” göndərirlər.