Beynəlxalq reytinq agentliklərinin açıqlamalarında dövlətə məxsus olan şirkətlərin kifayət qədər borclandığı və qlobal maliyyə böhranı həmçinin ölkədəki krizisin təsiri ilə ödəniş qabiliyyətini itirməkdə olduqları qeyd olunur. “Beynəlxalq Bank”ın defoltundan sonra bu şirkətlər ölkə iqtisadiyyatına ciddi təhlükə mənbəyidir.
Qeyd olunan nüans beynəlxalq müstəvidə ölkənin reytinqinə birbaşa təsir göstərən ən başlıca məqamlardan biridir. Məlumat üçün qeyd edim ki, dövlət nefit şirkəti SOCAR, “Azərbaycan Dəmir Yolları” QSC, “Azərenerji”, “Azərsu” və.s.kimi dövlət şirkətləri son illərdə nəinki daxildən, həmçinin beynəlxalq maliyyə təşkilatlarından yuz milyonlarla dollar həcmində kredit vəsaitləri cəlb ediblər. Bu istiqamətdə hökümət Dünya Bankı, AYİB, Asiya İnkişaf Bankı və.s.maliyyə təşkilatları ilə əməkdaşlıq edir. Mövcud qlobal maliyyə böhranı xüsusilə neftin qiymətinin kəskin ucuzlaşması və devalvasiya xarici valyutada öhdəlikləri olan dövlət şirkətlərinə heç şübhəsiz ciddi təsir etmişdir.
SOCAR-ın açıqladığı maliyyə hesabatında şirkətin 2016-cı ilin sonuna 35,3 milyard manat kredit öhdəlikləri olduğu görünür. Onu da əlavə edək ki, 2017-ci ildə yerli və xarici banklardan daha 1,378 milyard manat kredit cəlb etmişdir. Qeyd edim ki, şirkət 2017-ci ildə 6,7 milyard manat borc qaytarmalıdır. Heç şübhəsiz beynəlxalq layihələrin icrası məqsədilə SOCAR-ın yaxın gələcəkdə borclanması davam edəcəkdir. Hesabatda diqqət çəkən məqamlardan biri isə şirkətin təxirəsalınmış vergi borcları ilə bağlıdır. Belə ki, şirkətin vergi borcu 1,3 milyard manat təşkil edir. Üzucu haldır ki, dövlətin immunitetindən maksimum istifadə edən dövlət şirkətləri vergi öhdəliklərini vaxtında yerinə yetirmirlər amma real sektorda ayaqda durmağa çalışan şirkətlərə
qarşı Vergilər Nazirliyi amansız və aqressiv münasibət sərgiləyir. Dünya bazarlarında neftin qiymətinin düşdüyü məqamda yanacağın qiymətinin qaldırılması üçün heç bir iqtisadi səbəb olmasa da, oliqarxlara bağlı olan “dövlət” şirkətləri borclarını vətəndaşlara ödədirlər.
Bu gün beynəlxalq maliyyə institutlarından cəlb etdilmiş vəsaitlərin ödənilməsində çətinlik çəkən qurumlardan biri məhz ADY-dır. Səhmdar Cəmiyyət bu gün 2 milyard manatı keçən kredit borclarını ödəməkdə çətinlik çəkir. Heç kimə sirr deyil ki, cəlb edilmiş kredit vəsaitlər həmçinin dövlətin ayırdığı dotasiyalar korrupsiya mexanizmləri ilə talanmışdır.
Digər dövlət şirkətlərində durum heç də ürək açan deyil. Hər il bu şirkətlərə milyonlarla manat dotasiyalar ayrılır. Bütün bunlara baxmayaraq şirkətlər zərərlə işləyir, geri ödənilməsi sual yaradan böyük həcmdə kreditlər cəlb edərək dövləti borclandırırlar. Nəticədə məmur-oliqarxların məsuliyyətsizliyi, bərbad idarəetmə, milyonlarla manat mənimsənilmiş pullar sadə vətəndaşların cibindən çıxır. Kommunal ödənişlərin, yanacağın, biletlərin qiyməti qaldırılır. Artıq bu şirkətlər ölkə iqtisadiyyatı üçün əsl təhlükəyə çevrilmişdir.
Zamiq Şükürov