Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Sumqayıtlı sahibkarlar aclığa başladı

Sumqayıtda yeni dənizkənarı bulvarın tikintisində iştirak edən bir qrup sahibkar aclıq aksiyasına başlayıb. Yerli icra hakimiyyətinin onlara borclu olduğunu, borcu ödəmədiyini iddia edən 10-dan artıq sahibkar problem çözülməyənədək aksiyanı davam etdirəcəklərini bildiriblər.

Sahibkarlar Turan-a nəql ediblər ki, onları Sumqayıtda abadlaşdırma işlərinə Sumqayıt şəhər İcra Hakimiyyətinin seçdiyi podratçı şirkətin rəhbəri Müqayis Verdiyev və İH-in memarlıq və tikinti şöbəsinin müdiri Fəzail Hüseynov cəlb edib. Onlar abadlaşdırma işlərini icra hakimiyyəti apardığına görə, onlara olan borcu da elə məhz icra hakimiyyəti ödəməlidir.

“Abadlaşdırma işləri aparılan zaman icra hakimiyyəti podratçı şirkətə ilkin olaraq 4 milyon manata yaxın pul ödəmişdi. Bizə olan borcun bir hissəsi o zaman ödənilmişdi. Qalan əsas hissə də sonra ödənilməli idi. Prezident Sumqayıta gəldi, abadlıqdan razı qaldı, getdi, daha sonra bizim pulu vermədilər”, aclıq edən sahibkarlar bildiriblər.

Onlar deyir ki, podratçı şirkətin rəhbəri Müqayis Verdiyev 2015-ci ilin sonunda elə pul haqq hesabına görə, həbs edilib. Aclıq edənlər bu həbsin arxasında da elə Sumqayıt şəhər İcra Hakimiyyətinin, borc məsələsinin dayandığını iddia ediblər.

Pullarını ala bilməyənlər sırasında İsa Qasımov, Eyvaz Abbasov, Məhəmməd Əsgərov, Çingiz Mansurov, Bilal Piriyev, Zöhrab Rzayev və digərləri var.

E.Abbasovun 200 min, M. Əsgərovun 176 min, Ç.Mansurovun 250 min, Z.Rzayevin 264 min manatdan arttıq alacağı var. Sahibkarlara olan borcun ümumi məbləği 1 milyon manatdan çoxdur. Bundan başqa tikinti işlərində çalışmış onlarla fəhlə var ki, onların əmək haqları da verilməyib.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin ona 119-min manatdan artıq borcu olduğunu bildirən sahibkar Aydın Abdullayev pullarını ala bilmədiklərini söyləyib.

“Vermirlər, artıq bezmişik. Müraciət etmədiyimiz instansiya qalmayıb, heç bir reaksiya verilmir. Pulumuz yoxdur, dolana, yaşaya bilmirik”.

Onun sözlərinə görə, sahibkarlar abadlaşdırma zamanı müxtəlif xidmətlər göstəriblər. Bəziləri üzlük daşları ilə, bəziləri yaşıllaşdırma, bəziləri isə qum, betonla, qazonla icra hakimiyyətini təmin edib.

“İl yarımdır Prezident Adminstrasiyasina gedib, gəlirik. Sumqayıt İcra Hakimiyyətində daha heç qəbul edən də yoxdur bizi. Məcbur olduq aclıq aksiyasına başlayaq. Başqa əlacımız qalmadı.

Sumqayıt İcra Hakimiyyətindən yardım istəmirik, müavinət istəmirik. Halal zəhmət haqqımızı istəyirik”, sahibkar bildirib.

Sumqayıt Şəhər İcra Hakimiyyəti sahibkarların aclıq aksiyasına başlamasını şərh etməyib.

Ancaq bir neçə həftə əvvəl İcra Hakimiyyətindən bildrimişdilər ki, sahibkarların şikayətindən xəbərdardırlar. Ancaq icra hakimiyyətinin mətbuat xidmətindən bildirmişdilər ki, nə şəhər hakimiyyətinin başçısı Zakir Fərəcov, nə də onların digər rəsmi nümayəndəsi borclara görə maliyyə məsuliyyəti daşıyır.

“Sumqayıt Şəhər İcra Hakimiyyəti borclarını tələb edən şəxslər ilə müqavilə və ya digər saziş üzrə tərəf deyil. Həmin borclara məsul şəxs vəsaitləri mənimsədiyinə görə həbs edilib”, – Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev bildirmişdi.

Sumqayıt Dənizkənarı Bulvarının 2016-cı il sentyabrın 27-də açılışı olub. Açılış mərasimində prezident İlham Əliyev də iştirak edib.–0–

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir