Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar Cəmiyyət Gündəm Hadisə İctimai İnsan haqları Müsahibə Siyasət Sosial-iqtisadi Xəbərlər

Qubad İbadoğlunun müayinə nəticələri ailəsinə təqdim olunmur

Oktyabrın 22-də hazırda həbsdə olan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun qardaşı Qalib Toğrul onun səhhəti ilə bağlı məlumat yayıb. O bildirib ki, 13 oktyabr 2023-cü ildə Mərkəzi Klinik Xəstəxanada MRT və KT müayinəsindən keçirildikdən sonra elə həmin gün nəticələrin ailəsinə təqdim edilməsi üçün Ədliyyə Nazirliyinin Tibb baş idarəsinə rəsmi müraciət ediblər, lakin o vaxtdan müayinə nəticələri ilə bağlı məlumat verilmir.”Qardaşımın belindəki (onurğasındakı) problem daha da dərinləşib, əvvəllər l4 seqmentində problemlər qeydə alınmışdı. Artıq l3 və l5 disklərində də analoji sinir problemləri aşkar olunub. Problemin hansı ciddilikdə olduğunu yalnız MRT diski bizə verildikdən sonra qiymətləndirə bilərik. Dediyim kimi diskləri vermirlər. Ona görə tam məlumatsızıq, Bakı İstintaq Təcridxanasındakı Tibbi-sanitar hissənin rəisi Rəşad Hüseynli “osteoxondrozdur” deyib, bizi başından eləyir”, Qalib Toğrul bildirib.Qalib Toğrul bildirib ki, şəkərlə bağlı problem isə daha da kəskinləşib.”Tibb baş idarəsinin endokrinoloqu tabletka əvəzinə insulin təyin etsə də, heç nə dəyişməyib, toxluq şəkəri ən yaxşı halda 300-ə yaxın olur. Şəkər uzun müddət yüksək olduğundan qardaşımın daxili orqanlarında, xüsusilə, gözlərində və böyrəklərində neqativ proseslərin getməsi ehtimalı bizi qorxudur. Tibb baş idarəsinin endokrinoloqu hər iki orqanın nüayinə olunması ilə bağlı tibbi göstəriş versə də, tələb olunan prosedurlar ya aparılmır, ya da başdansovdu edilir. Guya oftalmoloq gəlib qardaşımın gözlərini müayinə edib, yaxın və uzaq görməsini kustar yolla yoxlamaqla (müxtəlif ölçülü hərfləri göstərməklə) işini bitmiş sayıb. Halbuki,şəkər xəstələrinin mütləq göz dibi müayinəsi (oftalmoskopiya – gözün daxili hissəsinin tor qişası, optik sinir diski, qan damarları və periferiya ilə birlikdə olan hissənin yoxlanılması) aparılmalıdır. Böyrəklərin müayinəsindən də hər hansı xəbər yoxdur. Qanda kreatinin miqdarını yoxlamaq üçün götürülən qan analizinin taleyindən bir həftədir xəbər yoxdur, mütləq tələb olan USM müayinəsini aparmağa isə lüzum görməyiblər”, o deyib.Qardaşının sözlərinə görə Qubad İbadoğlunun ürəyindəki problemlərin (aortanın anevrizması, hipertrofiya (ürək əzələsinin qalınlaşması), diastolik disfunksiya) vəziyyətindən də xəbərsizdirlər.”Dediyim kimi, nə təcridxanadakı Tibbi sanitar hissədən, nə də Ədliyyə Nazirliyindən bizə son KT müayinəsi barədə məlumat verilir.Son görüşlərdən sonra məni ən çox narahat edən qardaşımda müşahidə elədiyim sinir sistemi pozğunluqlarıdır. Bu ayrıca bir problem olmaqla bərabər, yanaşı xəstəliklərin (ürək, şəkər və sair) daha da irəliləməsinə münbit şərait yaradır”, Qalib Toğrul bildirib.Penitensiar Xidmətin Qızıl Xaçın Azərbaycan Nümayəndəliyinin həkiminin qardaşının müayinə etməsinə icazə vermədiyini bildirən Qalib Toğrul deyir ki, bununla bağlı rəsmi sorğuya “belə məlumatların sizə təqdim olunması qanunvericilikdə nəzərdə tutulmayıb” cavabı verilib.”Qatır inadına sahib Ombudsman susur, bizdən aldığı məktubları təkrarən Ədliyyə Nazirliyinə və onun idarələrinə göndərməklə işini bitmiş sayır, təcridxanaya yolladığı ağzı qatıq kəsməyən əməkdaşları qardaşımın saxlandığı kameraya girməyə belə cəsarət etmirlər” – deyə, o bildirib.Qeyri-iş günü olduğu üçün Penitensiar Xidmətdən məsələ ilə bağlı mövqe almaq mümkün olmayıb.İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə 3 ay 26 gün həbs qətimkan tədbiri seçib. Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.

Amerikanın səsi

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir