TƏT-in media azadlığı ofisinin rəhbəri hökumətləri jurnalistlərə qarşı pozuntu hallarını araşdırmağa çağırıb
“Biz jurnalist Xədicə İsmayılın həbsdən buraxılmasından məmnunuq. Ancaq təəssüf ki, onun ölkədən çıxışına əngəllər var. Bunun nəticəsində o, bizim konfransa da qatıla bilməyib”.
“Azadlıq” radiosu yazır ki, bu sözləri ATƏT-in media azadlığı ofisinin rəhbəri Dunja Mijatoviç Gürcüstan paytaxtı Tbilisidə keçirilən 13-cü Cənubi Qafqaz Media Konfransının açılış mərasimində deyib.
D.Mijatoviç Cənubi Qafqazda və özəlliklə Azərbaycanda medianın durumuna toxunaraq, problemləri sadalayıb. Onun deməsinə görə, jurnalistlərin uydurma, təşkil edilmiş eyni ittihamlarla həbsi narahatlıq doğurur.
“Təəssüflər olsun ki, xeyli belə hallar hələ də var. Belə ittihamlara məruz qalan həmin jurnalistlər ictimaiyyətə doğru bilgiləri, həqiqətləri çatdırırlar. Hökumətlər onların səsini kəsmək, susdurmaq üçün belə addımlara əl atır”, – D.Mijatoviç deyib.
O, jurnalistlərə qarşı fiziki, psixoloji basqıların olmasından danışıb. “Ən pisi odur ki, həmin basqı halları araşdırılmamış qalıb”,- D.Mijatoviç deyib.
ATƏT-in media azadlığı ofisinin rəhbəri çıxışının sonunda hökumətləri jurnalistlərə qarşı pozuntu hallarını, basqı olaylarını araşdırmağa, medianın fəaliyyətinə əlverişli ortam yaratmağa çağırıb. “Bunlarsız demokratik inkişaf mümkün deyil”, – deyə D.Mijatoviç vurğulayıb.