“Gözəl Bayramlının həbsi repressiyaların tərkib hissəsidir”
Dünyanın ən nüfuzlu nəşrlərindən sayılan ABŞ-ın “The Washington Post” qəzeti AXCP sədrinin müavini Gözəl Bayramlı haqda çıxarılmış hökmdən yazır. “Associated Press” agentliyinə istinadən yayılmış materialda G.Bayramlının 3 il azadlıqdan məhrum edilməsinə dair hökm Azərbaycanda fərqli fikirlilərə, tənqidçilərə qarşı repressiyaların davamı kimi qiymətləndirilib.
“Azərbaycanda müxalif siyasətçiyə üç il həbs cəzası verildi” başlıqlı materialda yazılıb:
“Azərbaycan məhkəməsi müxalif siyasətçini üç il müddətinə azadlıqdan məhrum etdi. Bu iş hüquq-müdafiə təşkilatçıları tərəfindən də tənqid olunur.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini olan Gözəl Bayramlı haqqında qaçaqmalçılıq ittihamı ilə hökm çərşənbə axşamı Qazax Rayon Məhkəməsində çıxarılıb. Amma Gözəl Bayramlı ittihamı rədd edir.
Bayramlı 2016-cı ilin mayında qonşu Gürcüstandan qayıdarkən Azərbaycan sərhədində saxlanılıb. Hakimiyyət nümayəndələri iddia edir ki, onun çantasından gömrüyə bəyan edilməmiş 12 min dollar pul tapılıb. G.Bayramlı isə bu ittihamın siyasi motivli olduğunu deyir və həmin pulların elə sərhəddəki məmurlar tərəfindən çantaya atıldığını bildirir.
G.Bayramlının vəkili Elçin Sadıqov hökmdən apellyasiya şikayəti veriləcəyini bildirib.
Beynəlxalq insan haqlarını müdafiə təşkilatları G.Bayramlının həbsini neftlə zəngin, keçmiş sovet ölkəsi olan Azərbaycanda fərqli fikirlilərə, dissidentlərə qarşı repressiyaların tərkib hissəsi kimi qiymətləndirərərk, tənqid edir”.