Keçmiş prezident Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək!” şüarı yazdıqdan sonra narkotik ittihamı ilə 10 il azadlıqdan məhrum edilən Qiyas İbrahimovun cəzasının artırılması, atası Həsən İbrahimovun isə islah işlərinə məhkum edilməsi haqda hökm qüvvədə saxlanıldı. Fevralın 22-də Bakı Apellyasiya Məhkəməsində Rizvan Səfərovun sədrlik etdiyi hakimlər kollegiyası qərar çıxarıb.
Qərardan öncə Qiyas və Həsən İbrahimovların vəkili Elçin Sadıqov çıxış edib. Bildirib ki, İbrahimovlar Qiyasın 10 illik cəzası ilə bağlı apellyasiya şikayətinə baxmış Vüqar Məmmədov, Əflatun Qasımov və Əmir Bayramovdan ibarət məhkəmə tərkibinə hörmətsizlikdə suçlanır. Onlara CM-nin 289-cu (məhkəməyə hörmətsizlik) maddəsi ilə ittiham verilsə də, əməllərində bu cinayətin tərkibi yoxdur:
“Qiyas İbrahimovun işi üzrə 30-dan çox məhkəmə iclası keçirilib. Amma heç birində məhkəməyə, hakimlərə hörmətsizlik eləməyib. Birinci instansiya məhkəməsi Qiyas və atası haqqında cinayət işi başlanmasına səbəb olmuş məhkəmə iclasının videogörüntüsünə baxdı. Təəssüf ki, oradakı hallar nəzərə alınmadı. Həmin iclasda müdafiə tərəfi olaraq 22 vəsatət qaldırmışdıq, heç biri təmin olunmamışdı. Hətta Qiyasın çıxış etməsinə də imkan verilmədi…”.
İstintaq da, birinci instansiya məhkəməsi də Qiyasın həmin iclasda hakimlərə dediyi “mantiya geyinmiş marionetkalar” ifadəsini təhqir kimi qiymətləndirib. E.Sadıqov isə deyir ki, bu, təhqir deyil: “Əvvəla, “marionetka” sözünün mənası başqası tərəfindən idarə olunan deməkdir. Azərbaycan məhkəmə sisteminin müstəqil olmaması, icra hakimiyyətindən asılılığı, hakimlərin təsiri altında qərar verməsi bir çox beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapıb. Həmin hesabatların da çoxuna Azərbaycan hökuməti etiraz etməyib. Məhkəmə bu işdə Həsən İbrahimovun dilindən səslənmiş qarğışı da təhqir hesab edib. Halbuki, Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin qərarları var, qarğış təhqir kimi qiymətləndirilə bilməz”.
Vəkil çıxışının sonunda bəraətverici əsaslarla ata və oğul İbrahimovlar haqqında cinayət işinə xitam verilməsini istəyib.
H.İbrahimov çıxış etməyib, vəkili ilə razılaşdığını söyləyib. Qiyas özü də çıxışdan imtina edib: “Bir halda ki, sözün qarşısında maneə olur, onu deməyin nə mənası var? Artıq söz demək istəmirəm”.
Hakimlər qısa müşavirədən sonra İbrahimovların apellyasiya şikayətinin təmin olunmadığını, Yasamal Rayon Məhkəməsinin hökmünün qüvvədə saxlandığını elan edib. Hökmə əsasən, Qiyasın cəzası daha üç ay artırılıb, atası isə aylıq qazancından 20 faiz tutulmaqla, 1 il 6 ay islah işlərinə məhkum edilib.
NİDA Vətəndaş Hərəkatının üzvü olan Q.İbrahimov digər fəal Bayram Məmmədovla birgə 2016-cı il mayın 10-da saxlanıblar. Onlar narkotik ittihamıyla suçlanıblar. Amma məhkəmədə bu ittihamı rədd edərək, keçmiş prezident Heydər Əliyevin abidəsinin üzərində “Qul bayramınız mübarək!” yazıldığına görə həbs edildiklərini bildiriblər. Gənclər məhkəmənin qərarı ilə 10 il azadlıqdan məhrum ediliblər.
“Amnesty International” təşkilatı Q.İbrahimov və B.Məmmədovu vicdan məhbusu elan edib. Təşkilat hesab edir ki, gənclərə qarşı narkotik ittihamı saxtalaşdırılıb. Amma hakimiyyət təmsilçiləri onların siyasi məhbus olmasını qəbul etmir, konkret cinayətlərə görə cəzalandırıldığını bildiriblər.