Aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində Azərbaycanın dövlət başçısı postuna iddialı olan daha yeddi nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib. MSK müvafiq qərarı şənbə günü qəbul edib.
Əsasən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Milli Dirçəliş Hərəkatı Partiyasının lideri Fərəc Quliyev, Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib. Dörd nəfərin namizədliyi rəhbərlik etdikləri partiyalar tərəfindən irəli sürülüb.
Həmin şəxslər bundan öncəki seçkilərdə də namizədliklərini irəli sürüblər, ancaq çox az, 1-2 faiz civarında səs toplayıblar.
A.Əlizadə, Q.Həsənquliyev və F.Quliyev Milli Məclisin deputatlarıdır.
H.Hacıyev müxalfət liderlərinə və hakimiyyəti təndiq edən digər şəxslərə qarşı hücumları ilə tanınır.
Bundan əlavə, ictimaiyyətdə geniş tanınmayan Elşən Həsənov və Asif Məmmədovun da namizədliklərinin irəli sürülməsi təsdiqlənib. Razi Nurullayev in namizədliyi “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülüb.
2015-ci ildə o, partiya sıralarında nifaq salmaq cəhdinə görə Xalq Cəbhəsi Partiyasından xaric edilib. Partiya rəhbərliyi onu hakimiyyətlə gizli əməkdaşlıqda ittiham edib.
Beləliklə, prezidentliyə namizədliyini irəli sürənlərin sayı 12-yə çatıb.
Bundan öncə MSK dövlət başçısı, hakim Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev, Liberal -Demokrat Partiyasının sədri Fuad Əliyev, bitərəf, parlamentin deputatı Zahid Oruc, Vəkillər Kollegiyasının üzvü Anar Umudov, Ağ Partiyanın sədri Tural Abbaslının prezidentiyə namizədliyinin irəli sürülməsini təsdiqləyib.
Rəsmi qeydiyyat üçün namizədlər 125 seçki dairəsinin minimum 60-da ən azı 40 min seçici imzası toplamalıdır, İmzaların qəbulu martın 12-i saat 18:00-da başa çatır.
Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) seçkilərin keçirilməsi üçün demokratik şərait olmadığından boykot etdiyini bəyan edib. Müsavat və Ümid partiyaları seçkilərdə iştirak etməyəcəklərini bildiriblər.
REAL Hərəkatı, NİDA, Demokratiya və Rifah Hərəkatı seçkilərin nəticələrinin tanınmayacağını bəyan ediblər.