Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Şiddət ehtiva edən kompüter oyunlarından qorunmağın yolları

Şiddət ehtiva edən kompüter oyunlarından qorunmağın yollarıMüasir dövrdə boş vaxtını əylənərək keçirmək istəyən yüz milyonlarla insanın əvəzolunmaz məşğuliyyətlərindən biri kompüter oyunları və maraqlı videolardır. Vizual effektləri, döyüş səhnələri və qeyri-adi ssenariləri kompüter oyunlarını digərlərindən daha cəlbedici edir. Xüsusilə, uşaqlar və gənclər macəra, idman, yarış, müharibə, strategiya kimi müxtəlif məzmunlu kompüter oyunlarından böyük zövq alırlar.

Əlbəttə, oyunların və qısa filmlərin bir çox faydaları var. Bunun sayəsində uşaqların, eləcə də gənclərin dünyagörüşləri artır, zəka və qabiliyyətləri inkişaf edir. Ancaq məsələnin mübahisəli tərəfi budur ki, virtual dünyada getdikcə artan şiddət təlqini uşaq və gənclərin psixologiyasına mənfi təsir göstərir. Bir çox psixoloq, sosioloq, pedaqoq və akademiklər bu mövzuda həmfikirdirlər. Belə ki, dünyada milyonlarla uşağı özünə cəlb edən kompüter oyunlarının böyük əksəriyyətində şiddət təsvir edilir.

Zorakılığı təşviq edən, hətta intihara sürükləyən oyunlarla yanaşı, videoların da sayı olduqca çoxdur. “Choking Games”, “Fire Challenge”, “Eyeball Challenge”, “Human Embroidery”, “48 Hours Challenge” bu oyunlardan bəziləridir.
(http://zeenews.india.com/india/blue-whale-challenge-choking-game-and-other-deadly-online-crazes-2032167.html)

Bu məzmunlu oyunları oynayan və filmləri seyr edənlər bir müddət sonra aqressivləşərək davranış pozğunluğu nümayiş etdirirlər. Mütəxəssislər əxlaqi davranışları korlayan, nifrət və düşmənçiliyə sövq edən, laqeydliyə, eləcə də aqressivliyə səbəb olan bu oyunların asılılıq yaratdığına, zərərverici hərəkətlərə təşviq etdiyinə diqqət çəkirlər. Müntəzəm şəkildə bu oyunları oynayan, yaxud da filmləri seyr edən uşaqlara və gənclərə bir müddət sonra atəş açmaq, öldürmək, özünə və ya başqalarına zərər vermək adi hal kimi gəlir.

Bunun son nümunələrdən biri Çində geniş yayılan və olduqca düşündürücü yeni cərəyan olan insan naxışıdır (human embroidery). Bu, insanların öz bədənlərinə naxış şəkilləri həkk edib şəkillərini yayımlamalarından ibarətdir. Bunun qadağan olunmuş yapon karikaturasından ruhlanan və “Mavi Balina” adlı özünə zərər vermə və intihar oyununun meydana gətirdiyi trendi təqib etdiyi güman edilir. (http://www.bbc.com/news/world-asia-china-40382127)

Rusiyada hazırlanan və sosial media vasitəsilə bütün dünyaya yayılan “Mavi Balina” (Blue Whale) oyunu ən çox müzakirə olunan oyunlardan biridir. Çin, Hindistan, İran, İtaliya, Səudiyyə Ərəbistanı, Türkiyə, ABŞ kimi dünyanın bir çox yerlərində uşaq və gənclərin intiharları bu oyunla əlaqələndirilir.

Xüsusilə, 10-14 yaş arasındakı uşaqları hədəf alan “Mavi Balina” oyununda iştirakçılardan şiddət ehtiva edən 50 tapşırığı yerinə yetirmələri tələb olunur. 50 gün davam edən bu oyunda qol və ayaqlarda kəsiklər etmək, heç kimlə görüşməmək, yüksək səslə musiqi dinləmək kimi tapşırıqlar yer alır. 50 günlük müddətin sonunda isə oyunu oynayan insana hündürlükdən tullanaraq və ya özünü asaraq intihar etməsi əmr edilir.

Bu oyun qadağalara baxmayaraq, sosial media vasitəsilə bütün dünyada yayılıb. Üstəlik, tək nümunə “Mavi Balina” oyunu da deyil. Bunun kimi, gəncləri zorakılıq və intihar bataqlığına çəkən yüzlərlə vasitələr var. Ölməyi və öldürməyi təşviq edərək insanları yanlış formada cəsarətləndirən bu cür filmləri və oyunları qadağan etmək də, əslində, həll yolu deyil. Bununla bağlı fərqli metodlardan istifadə edərək problemin qarşısını almağa çalışırlar.

BMT-nin Uşaqlara Yardım Fondu (UNİCEF) valideynlər üçün uşaqlarını “Mavi Balina”dan necə qoruya biləcəklərinə dair tövsiyə siyahısı dərc edib. Bu bəyanatda ailələrə tövsiyə edilir ki, uşaqlarının şiddətə və etik olmayan davranışlara təşviq edən saytlara deyil, yaşlarına uyğun faydalı saytlara daxil olduqlarından əmin olsunlar. Üstəlik, internetə yalnız ailənin birgə istifadə etdiyi kompüterdən istifadə edərək daxil olsunlar. Bundan başqa, ailələrin uşaqları ilə tez-tez ünsiyyət qurmalarının və onlarla yaxından maraqlanmalarının vacibliyi də qeyd olunur. (http://unicef.in/uploads/publications/resources/pubdoc148.pdf)

Portuqaliyada “Mavi Balina” oyununun zorakılıq və intihar təşviqinə qarşı hazırlanan “Çəhrayı Balina” gəncləri müsbət davranışlara yönəldir. Bu oyun yaxşılığın da internet üzərindən yayıla biləcəyini əsas alır. Müsbət əhval-ruhiyyə, özünü və başqalarını sevmək, yeni dostlar qazanmaq, çətin vəziyyətdə olan insanlara yardım etmək “Çəhrayı Balina”nın qaydalarından bəziləridir. (http://www.panamatoday.com/life-style/pink-whale-attacks-suicide-game-blue-whale-4303)

Hər cür texniki və hüquqi qadağalara, fərqli metodlara baxmayaraq, şiddətə həvəsləndirən film və ya oyunlara asanlıqla giriş əldə edilir, bununla da tələyə düşən gənclərin sayı artır. Bu isə problemin həllində ailələrə böyük məsuliyyət düşdüyünü göstərir.
Möhkəm ailə münasibətləri olan, sevgi və hörmət görərək böyüyən uşaqların daxili aləmi rahat, dinc olur. Bu olmadıqda isə uşaqların ailədən və sosial mühitdən qoparaq virtual dünyadakı yanlış cərəyanlara üz tutmaları qaçılmazdır.

Ailələrin uşaqlarına güclü şəxsiyyət və gözəl əxlaq qazandırmaları çox vacibdir. Təkcə maddiyyata önəm verən, sevgisiz, özlərindən başqa heç kimə məhəl qoymayan insanlar əsasən bu yöndə tərbiyə almadan böyüyən uşaq və gənclər olurlar. Onlar ən kiçik çətinlik qarşısında belə ümidsiz və bədbin ruh halına bürünüb həyat sevincini itirir, psixologiyası pozulur və hər an cinayət törətməyə hazır olan fərdlərə çevrilirlər. Uşaqlar elə yetişdirilməlidir ki, gözəlliklərdən zövq alan və ətrafdakı bütün canlılara gözəl davranmağı özünə şüar edən mənəviyyatı güclü fərdlər olsunlar. Belə uşaqların mənəvi boşluğa düşmələri, pislik və azğınlığa meyilli olmaları da mümkün olmaz.

Bu gün “Mavi Balina” və ya “İnsan Naxışı” təhlükəsi var. Dünən başqa bir təhlükə vardı, sabah başqa bir təhlükə ortaya çıxacaq. Ona görə də önəmli olan problemin kökünə enib həllini də buna görə təhlil etməkdir.

Adnan Oktar

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir