Yenifakt.info

Müstəqil xəbərlər portalı

Sosial-iqtisadi

“Bank sistemimiz ağır tənəzzül içindədir” – Əkrəm Həsənov

“Dövlətin ABB-yə “hədiyyə”si olmasaydı, bank ötən ili 4,7 milyard manat zərərlə başa vuracaqdı”
“Palatanın məlumatı ilk baxışdan elə təəssürat yaradır ki, guya ötən il bank sistemimiz üçün 2016-cı illə müqayisədə daha uğurlu olub. Əslində isə bu, belə deyil”. Bu sözləri iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov Maliyyə Bazarlarına Nəzarət Palatasının bank sektorunun 2017-ci il göstəriciləri ilə bağlı açıqladığı statistik rəqəmlərə münasibət bildirərkən səsləndirib.
Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasın yaydığı məlumata görə, 2017-ci ildə Azərbaycan banklarının faiz gəlirləri 1 775,2 mln. manat, o cümlədən kreditlər üzrə faiz gəlirləri 1 282,7 mln. manat, faiz xərcləri 824,9 mln. manat o cümlədən depozitlər üzrə faiz xərcləri 373,4 mln. manat təşkil edib. Bu rəqəmlər onu göstərir ki, 2016-cı illə müqayisədə bank sektoru geriləyib.
Məlumata görə, son nəticədə ötən il bank sektorunun əməliyyat mənfəəti 908,2 mln. manat olub. Bununla da, sektorun illik xalis mənfəəti 883,6 mln. manat təşkil edib.
İqtisadçı ekspert Əkrəm Həsənov isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bank sektorunun ötən ili müxtəlif bəndlər üzrə daha aşağı göstəricilərlə başa vurmasının səbəbi bu sektorda yaşanan böhrandır:“Hazırda bankların sağlamlaşdırılması istiqamətində iş aparılsa da, hələ ki, nəticə o qədər də ürəkaçan deyil. Bəs görəsən, bank sektorunda son durum nədir və bu neqativ göstəricilər hansı amillərdən doğub? Palatanın məlumatı ilk baxışdan elə təəssürat yaradır ki, guya ötən il bank sistemimiz üçün 2016-cı illə müqayisədə daha uğurlu olub. Əslində isə bu, belə deyil. Əksinə, 2017-ci il daha uğursuz olub, ümumiyyətlə, bank sektorumuzun tarixində ən uğursuz olub. Belə ki, Palata deyir ki, 2016-cı ili zərərlə başa vuran bank sektorumuzun ötən il əməliyyat mənfəəti, yəni qazancı 908,2 mln. manat olub. Lakin bu qazancın mənbəyi haqda Palata susur. Çünki əslində sözügedən mənfəət bank fəaliyyətindən əldə edilməyib. Bəs haradan əldə edilib? Dövlətin Azərbaycan Beynəlxalq Bankına öhdəliklərin könüllü restrukturizasiyası çərçivəsində etdiyi hədiyyədən… Xatırladıram ki, ötən il dövlətimiz bu bankın 3,337 mlrd.borcunu öz üzərinə götürdü. Milli valyuta ekvivalentində bu, 5,6729 mlrd. manata bərabərdir.
Yəni faktiki ABB təkcə dövlətdən bu qədər əvəzsiz gəlir götürüb. Deməli, dövlətimizin bu hədiyyəsi olmasaydı, bank sektorumuz ötən ili 908,2 mln. manat mənfəətlə deyil, 4,7647 mlrd. manat zərərlə başa vuracaqdı”.
Əkrəm Həsənovun sözlərinə görə, ABB-nin ötən ilki mənfəəti 806 milyon manatdan daha çox olmalı idi:“Maraqlısı həm də odur ki, ABB illik hesabatında 2017-ci il üzrə cəmi 806 mln. manat mənfəət əldə etdiyini vurğulayır! 2016-cı ili bu bank təxmini 1,7 mlrd. manat zərərlə başa vurmuşdu. 2017-ci ildə dövlət ona 5,6729 mlrd. manat hədiyyə edibsə, deməli, təkcə bu hədiyyə nəticəsində ötən il üzrə mənfəəti təxmini 4 mlrd. manat olmalı idi. Bəs onda niyə mənfəəti cəmi 804 mln. manatdır? Belə çıxır ki, dövlətdən aldığı 3,2 mlrd. manatı da cəmi 6 ay ərzində zərərlə işləyərək itirib? Yeri gəlmişkən, bank sektorunun faiz xərclərinin azalmasına da ilk növbədə Beynəlxalq Bankın sayəsində nail olunub. Özü də qanunsuz əməlləri nəticəsində… Belə ki, 2017-ci ilin əvvəlində sahibkarları məcbur etdi ki, dollar əmanətlərini geri götürsünlər (qanunsuz olaraq manat kreditlərini vaxtından əvvəl qaytarmağı tələb etməklə), sonunda isə vətəndaşları (faiz dərəcəsini qanunsuz olaraq birtərəfli qaydada aşağı salmaqla). O ki qaldı bankların faiz gəlirlərinin azalmasına, təkcə bu faktın özü kifayətdir ki, bank sistemimizin vəziyyətinin ağırlaşdığı aydın olsun. Azərbaycanda İslam bankları yoxdur, deməli, banklarımızın əsas gəlirləri məhz faiz gəlirləri olmalıdır. Həmin gəlirlər belə azalıbsa, bank sektorumuz fəaliyyəti necə uğurlu ola bilərdi axı? Problemli kreditlərin artdığı, əmanətlərin isə azalması fondunda bu mümkündürmü? Əlbəttə ki, yox! Bank sistemimiz ağır tənəzzül içindədir”.
İqtisadçı ekspertin fikrincə, Palata tam məlumat verməməklə guya bank sektorumuz üçün ötən ilin uğurlu olduğu rəyini formalaşdırmaq istəyir: “Əslində isə ABB-yə dövlət dəstəyi olmasaydı, il çox uğursuz olacaqdı. Daha doğrusu, elə uğursuz da olub, özü də dəhşətli səviyyədə. Sadəcə dövlət büdcəsi, yəni xalqımızın hesabına ABB-yə hədiyyə edilib, o da qısa müddətdə həmin hədiyyənin əksər hissəsinin başına daş salıb, qalan hissəsi hesabına isə bank sektorumuzun guya mənfəətlə işləməsi mifi yaradılır.
Maliyyə Bazarlarına Nəzarət Palatasını el arasında bəzən xəstəxana palatasına oxşadırlar. Bu kontekstdə belə bir misal gətirim.
Təsəvvür edin ki, xəstənin vəziyyəti ağırdır, ölüm ayağındadır. Amma həkimlər ona nəşə verib müvəqqəti gümrah olduğunu göstərə bilirlər. Yaxud da idmançıya dopinq verib olduğundan daha güclü olmasını nümayiş edirlər. İndi özünüz deyin: belə həkimlər xəstəxana palatasında həqiqətənmi xəstəni sağaldır və ya idmançını güclü edir?!”

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir