Yenifakt.info

Müstəqil xəbərlər portalı

Sosial-iqtisadi

Maliyyə Bazarlarına Nəzarət Palatası sığorta şirkətlərinə diqqət yetirəcək

Bu il Azərbaycanın sığorta qanunvericiliyində də dəyişkliklər olacaq, deyə Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib.

İsveçrənin İqtisadi Əməkdaşlıq üzrə Dövlət Katibliyi (SECO) və Dünya Bankının (WB) təşkilatçılığı ilə həyata keçirilən “Maliyyə sektorunun müasirləşdirilməsi Layihəsi”nin II fazasının təqdimatında Rüfət Aslanlı bildirib ki,

Indiyədək əsas diqqət bank sektorunun stabilləşdirilməsinə yönəldilib. Amma bu il sığorta bazarında da əhəmiyyətli təşəbbüslər olacaq.

Onun sözlərinə görə, sığorta şirkətlərinin əsas problemi kapitallaşma ilə bağlı olub.

«Bir tərəfdən sığorta şirkətlərinin vasitəçiləri hesabına satdıqları sığorta məhsullarının pulunun onlara çatmasında problemlər olub, digər tərəfdən isə şirkətlərin kapitalları az olduqları üçün onlar əldə etdikləri vəsaitin böyük hissəsini təkrar sığorta məqsədi ilə xaricdəki tərəfdaşlarına ötürüblər», deyə o bildirib.

R.Aslanlı qeyd edib ki, nəticədə sığorta şirkətlərinin əsas funksiyası pul transferi olub. Amma sığorta hadisəsi baş verəndə ödənişi həmin təkrarsığortaçılar deyil, yerli şirkətlər özləri ödəməli olurdular.

Onun fikrincə, sığortaçılar dünyanın aparıcı sığorta şirkətlərinin qoyduqları tələbləri görə bilmirdilər. Buna görə sığora hadisəsi baş verəndə onlardan ödəniş almaq problemə çevrilirdi.

R.Aslanlı qeyd edib ki, vəziyyəti düzəltmək üçün xarici təkrar sığorta şirkətlərinə qarşı tələblər sərtləşdirilib, onların bir qismi Azərbaycan bazarından kənarlaşdırılıb və bununla da sığorta şirkətlərinin vəsaitlərinin səmərəsiz şəkildə xarici bazara axmasının qarşısı alınıb.

MBNP rəhbəri qanunvericiliyinə ediləcək dəyişikliklərin detallarını da açıqlayıb.

Onun sözlərinə görə, sığorta şirkətlərinə təkrar sığorta ilə bağlı seçim edərkən müəyyən tələblərin qoyulması, sığora bazarında daxili nəzarət mexanizmlərinin gücləndirilməsi, baş vermiş sığorta hadisələri ilə bağlı ödənişlərin elektron qaydada həyata keçirilməsi və uçotunun aparılması, eləcə də sığorta şirkətlərinin investisiya siyasətinə dair yeni qaydaların hazırlanması nəzərdə tutulub.

R.Aslanlı sığorta şirkətləri və təsisçiləri olan banklarda arasında “karusel” metodundan danışıb. Bank öz sığorta şirkətinə kapital qoyur, amma həmin kapital yenidən banka qayıdırdı və kredit kimi verilirdi.

“Biz bu kimi addımları məhdudlaşdırmışıq. Amma bunun qanunla rəsmiləşdirəcəyik ki, sığorta şirkətləri investisiya siyasətində şaxələnməyə getsinlər. Əgər sığorta şirkətləri görsələr ki, qanunla pulu öz səhmdarlarına yönəldə bilməzlər, onda ciddi iqtisadi araşdırma aparıb vəsaiti müxtəlif istiqamətlərdə yerləşdirməli olacaqlar”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir