Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vəkillərin sayının artırılması ilə bağlı tövsiyəsinin icrası məqsədilə yanvarın 28-də keçirilmiş vəkilliyə qəbul üzrə yazılı test imtahanı nəticəsində imtahanda bilavasitə iştirak etmiş 1873 namizəddən 607-si imtahanı uğurla keçərək müsabiqənin növbəti mərhələsinə – şifahi imtahana buraxılıb.
Vəkillərin İxtisas Komissiyasından AzVision.az-a bildiriblər ki, bütün namizədlərlə bərabər şəraitdə keçirilən bu imtahan çoxsaylı yerli və beynəlxalq müşahidəçilər və KİV nümayəndələri tərəfindən izlənilib. Şəffaflığın təmin edilməsi məqsədilə imtahanın nəticələri həmin gün yoxlanılaraq mətbuatda işıqlandırılıb.
Yazılı test imtahanının nəticələrinə görə, müvafiq bal toplaya bilməyərək imtahanın bu mərhələsini keçə bilməyən 1266 namizəddən 23-ü imtahan nəticələrinin onların iştirakları ilə yenidən araşdırılmasını xahiş edib.
Bununla əlaqədar fevralın 2-də Dövlət İmtahan Mərkəzinin inzibati binasında İmtahan Mərkəzinin, Vəkillər Kollegiyasının rəhbərliyinin və Vəkillərin İxtisas Komissiyasının bir sıra üzvlərinin, habelə namizədlərin bilavasitə iştirakı ilə həmin məsələlər araşdırılıb.
Proses zamanı vəkilliyə namizədlərin cavabları bir daha yoxlanılaraq, nəticələrin düzgün hesablandığı müəyyən olunub. Namizədlər cavab vərəqələri ilə tanış edilib, yol verdikləri səhv və nöqsanlar onların diqqətlərinə çatdırılıb və müvafiq izahlar verilib.