Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Vəkil Fəxrəddin Mehdiyevin də fəaliyyəti dayandırıldı

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, ilahiyyatçı Taleh Bağırzadə, Əli Kərimlinin qaynı Elnur Seyidov və digər siyasi məhbusların hüquqlarını müdafiə edən Fəxrəddin Mehdiyevin vəkillik fəaliyyəti dayandırılıb. Bu gün axşam saat 18.00 radələrində Vəkillər Kollegiyası Rəyasət Heyətinin toplantısında belə qərar çıxarılıb.
F.Mehdiyevin cəzalandırılmasına səbəb isə hüquqlarını müdafiə etdiyi, Beynəlxalq Bankın keçmiş prezidenti Cahangir Hacıyevin mətbuatda müsahibəsinin dərci olub. F.Mehdiyev müvəkkilinin açıqlamasını mətbuata ötürməkdə günahlandırılıb.

F.Mehdiyevin vəkillik fəaliyyəti bir illik dayandırılıb.
C.Hacıyevin digər vəkili Aqil Layıcov da cəzalandırılıb – ona töhmət verilib.
Amma bu vəkillərin heç biri barələrində cəza qərarı verilən toplantıda iştirak etməyib.
F.Mehdiyev “Azadliq.info”ya açıqlamasında qərarı qanunsuz və əsassız hesab etdiyini bildirib.
Müsahibənin dərcinə görə F.Mehdiyev və A.Layıcovdan Vəkillər Kollegiyasına Baş prokurorun müavini Rüstəm Usubov şikayət edib. O, vəkilləri istintaq sirrini yaymaqda ittiham edib.

F.Mehdiyev isə bildirir ki, C.hacıyevin açıqlamasında istintaq sirrindən söhbət gedə bilməz, o fikirlər açıq məhkəmədə səsləndirilib: “Cahangir Hacıyev sadəcə, öz ünvanına səslənən ittihamlara, təhqirlərə cavab verib. Bu da onun haqqıdır”.

F.Mehdiyevin sözlərinə görə, A.Layıcovun ümumiyyətlə, məsələyə aidiyyəti yoxdur, müsahibənin mətbuata çıxmasından onun xəbəri olmayıb: “Mən də heç bir qanunsuzluğa yol verməmişəm”.
Qeyd edək ki, siyasi məhbusların hüquqlarını müdafiə edən bir çox vəkillərin, son olaraq, noyabrın 20-də Yalçın İmanovun vəkillim fəaliyyəti dayandırılıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir