Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Hüseyn Tağıyev: “Vergi məmurları sahibkarların dövlətə vergi ödəmələrində maraqlı deyillər”

“Ölkədə sahibkarlıq subyektləri əsassız yoxlamalara, təzyiqlərə məruz qalır. Ən yüksək səviyyədə sahibkarların hər cür dövlət qayğısı ilə əhatələ olunduğu iddia edilir. Lakin hər fürsətdə biz bu iddianın əksini görürük”. Bu sözlər Müsavat partiyasının fəal üzvü Hüseyn Tağıyevə  məxsusdur.

Hüseyn Tağıyev hesab edir ki,  vergi məmurları sahibkarların dövlətə vergi ödəmələrində maraqlı deyillər: “Azərbaycanda əksər dükan sahibləri vergi məmurları ilə “şəriklik” edərək fəaliyyət göstərirlər. Vergi müfəttişləri dükanlara gələrək sahibkarlara hansısa sənədləri imzalatdırırlar və sonra da hər ay haqq tələb edirlər. Vergi işçilərilə yanaşı sanitariya və epidemioloji xidmətindən, polis sahə müvəkkiliyindən hər ay gəlib “haqlarını” alıb gedirlər. Hansısa dövlət qurumuna şikayət edəndə sahibkarların günü olur qara. Çünki şikayət məktubu şikayət olunan qurumun üzərinə yönləndirilir. Həmin qurumun rəhbəri sahibkarı yanına çağırıb danlayır və onun işini daha da çətinləşdirir. Bu gün ölkədə kiçik sahibkara təzyiq etmək çox asandır. Çünki onların mühasib, hüquqşünas saxlamaq imkanları məhduddur. Bütün işləri sahibkar özü görməli olur. Adamdan o qədər sənəd tələb edirlər ki, onu düzəldənə qədər sahibkarlıqla məşğul ola bilmirsən. Fermerin, mağaza sahibinin və digər kiçik sahibkarların o qədər vaxtı yoxdur ki, sənəd dalınca düşsün, dövlət idarələrini gəzsin. Bir sıra hallarda məmurlar özləri süni əngəllər yaradırlar ki, sahibkar ya onlara rüşvət versin, ya da bezib biznesdən kənarlaşsın”.

H.Tağıyev məhkəmələrin ədalətsiz qərarlarından söz açıb: “İlk növbədə ölkədə ədalətli məhkəmə sistemi olmalıdır. Məhkəmələr ya siyasi hakimiyyətin göstərişi, ya da maddi maraqlarına görə qərar verirlər. Azərbaycan kimi ölkələrdə sahibkarlar işçiyə o qədər maaş verə bilmir ki, ondan 39 faiz vergi ödəyə bilsin. Qanunun aliliyi qorunsa sahibkarların problemi xeyli həll olunmuş olar. Sahibkarların problemlərinin həlli variantlarından biri də monopoliyanın aradan qaldırılmasıdır. Biz dövlətdən dəstək istəyəndə üstümüzə polis, vergi işçisi, sanitar-epidemiologiya mərkəzinin əməkdaşlarını göndərirlər ki, bizi susdursunlar. Azərbaycanda kiçik və orta sahibkarlıq sıradan çıxarıldığı üçün ölkə iqtisadiyyatının bel sütunu demək olar ki, yoxdur”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir