Bir meşəbəyi öldürülüb o birilərinin aktlaşdırdığı cinayətləri də hələlik, araşdıran yoxdur
Oktyabrın 13-də Qusar rayonunda, meşə gözətçisi Abdullayev Səbuhi Nurəddin oğlu öz xidməti vəzifəsini yerinə yetirərkən Qusar rayon Polis Şöbəsinin Ədalət və Əsman adlı iki əməkdaşı tərəfindən vəhşicəsinə döyülmüşdü.
Polislər tərəfindən döyülərək ağır bədən xəsarəti alan Səbuhi Abdullayev huşsuz halda meşədə atılmışdı. Meşə gözətçisinin yoxluğundan narahat olan qohumları axtararaq onu meşədə huşsuz və köməksiz halda tapmış və rayon xəstəxanasına yerləşdirmişdilər. Bu gün Abdullayev Səbuhi vəfat etdi. Rəsmən aktlaşdırdılar ki, atdan yıxılıb və ölüb…
Nə baş verir ? İki polis əməkdaşının faktiki olaraq, döyüb öldürdüyü meşəbəyinin qətlini hüquq mühafizə orqanları niyə ört-basdır edir ? Belə görünür ki, Səbuhi Abdullayevin döyülməsi də təsadüf deyil, Qusarda polis- meşəbəyi qarşıdurması da.
Redaksiyamıza Qusardan bir sənəd daxil olub. Əlbəttə, yazının başlığı dərhal hansısa qanlı cinayətin sorağını verirmiş kimi görünür. Amma bir rayonda polis idarəsinin rəisinin bu cür əməli hətta meşə mühafizə işçilərini də narahat edən səviyyədədirsə, deməli, durum təkcə bu faktın yaratdığı kimi deyil, daha ciddi əsaslar var.
Deməli, Qusarda meşə mühafizə xidmətinin işçiləri orada hansısa qazıntı işlərini müşahidə ediblər və hadisə ilə maraqlanıblar. Nəticədə… İndi sizə meşə mühafizə xidmətinin 6 əməkdaşının tərtib etdiyi rəsmi aktın mətnini təqdim edək ki, rəisin orada nə iş gördüyünü və ekologiya əməkdaşlarının da buna necə reaksiya verdiklərini rəsmi sənəddən oxuyub biləsiniz.
«Biz aşağıda imza edənlər:
1.Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə inkişafı Departamentinin meşə xidməti, dövlət uçotu və kadrlar xidmətinin müdiri Salmanov Sadiq Həsən oğlu; 2. Departamentin meşə qanunvericiliyinə nəzarət sektorunun müdiri Quliyev Azay Həsən oğlu; 3. Qusar Meşə Mühafizəsi və Bərpası İdarəsinin direktor əvəzi Babayev Əkrəm Kərəm oğlu; 4. Müəssisəsinin baş meşəbəyi əvəzi Əmirbəyov Eldar Dünyaməddin oğlu; 5. Meşə mühafizə mühəndisi Şıxqayıbov Məmmədağa Münabəddin oğlu; 6. Qusar meşəbəyiliyinin meşəbəyi Ağayev Tolyatti Ağa oğlunun iştirakı ilə tərtib etdik bu aktı ona görə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə inkişafı Departamentinə daxil olmuş meşə fondu torpaqlarının zəbt edilməsi və qazıntı işlərinin aparılması barədə məlumata əsasən Qusar Meşə mühafizəsi və Bərpası Müəssisəsinin Qusar meşəbəyiliyinin 76- cı kvartalının 16- cı bölməsində araşdırma apardıq. Araşdırma zamanı meşə fonduna məxsus ərazidə ağır texnikalar vasitəsilə 30 metr uzunluğunda 20 metr enində 0,06 ha sahədə və 4 metr dərinliyində qazıntı işlərinin aparıldığını və meşə fondu torpağının yük maşınları ilə daşındığını müşahidə etdik. Meşə quruluşu sənədlərinə əsasən həmin ərazidə 83 ədəd kol cinsli yeniyetmələrin məhv edildiyi məlum oldu. Aparılan araşdırma zamanı özünü Qusar Rayon Polis şöbəsinin rəisi kimi təqdim edən Zaur adlı şəxs qazıntı işləri aparılan sahənin ona məxsus olduğunu və müvafiq sənədləri təqdim edəcəyini bildirdi. Tərəfimizdən Zaur adlı şəxsə həmin sənədlərin təqdim olunması xahiş edildi. Təqdim olunmuş sənədlərə əsasən məlum oldu ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Qusar şəhər sakini Mustafayev Mahir Oqtay oğluna 20.01 2015- ci il tarixdə 301013009733 qeydiyyat nömrəli, 2815015443 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 0,0828 ha sahə verilmişdir. Sonradan, 20.09.2016- cı il tarixdə Mustafayev Mahir Oqtay oğlu həmin torpaq sahəsini Qusar şəhər sakini Abdurahmanov Zahir İlhamoviçə alqı- satqı müqaviləsi əsasında satmış və Qusar rayon notariat kontorunun xüsusi notariusu Tağıyev Dəyanət Adıgözəl oğlu tərəfindən təsdiq eedilmiş və reyestrdə 4Ə-1207 nömrə ilə qeyd edilmişdir. Tərəfimizdən Zaur adlı şəxsdən qanunsuz qazıntı işlərinin dayandırılması və təqdim edilmiş sənədlərə əsasən araşdırma aparılıcağı bildirilsə də ərazinin ona məxsus olduğunu və qazıntının dayandırılmayacağını dedi. Aparılan araşdırma zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.10.1993- cü il tarixli, 636 nömrəli, 30.09. 2004-cü il tarixli 145 nömrəli və 28.12. 1998- ci il tarixli 239 nömrəli «Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb etmə qaydaları haqqında», «Meşə qanunvericiliyinin pozulması hallarının qarşısının alınması tədbirləri haqqında» və «Azərbaycan Respublikasında yayılmış bəzi faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində təbiətə dəymiş ziyana görə yeni ödəmə normativlərinin təsdiq edilməsi haqqında» qərarlarına əsasən meşə fondunda qanunsuz qazıntı işlərinin aparılması, torpağın daşınması və yeniyetmələrin məhv edilməsi nəticəsində meşə fonduna ümumilikdə 61911,52 manat ziyan dəymişdir. Araşdırma 1990- cı ilin meşə quruluşu sənədlərinə əsasən aparılmışdır. Akta ərazinin xəritədən çıxarışı, fotoşəkillər və meşə fonduna dəymiş ziyanın hesablanması əlavə edilmişdir.
Odur ki, aktln doğruluğunu imzamızla təsdiq edirik.
S.H. Salmanov, A.H.Quliyev, Ə.K.Babayev, E.D. Əmirbəyov, M.M. Şıxqayıbov, T.A. Ağayev».
Bəs bu qədər uzundərə prosesin bir nəticəsi olubmu ? Bizə bəlli deyil. Fakt budur ki, Qusarın cəmi 1 il əvvəl rayona təyin edilən rəisi cinayət başında yaxalanıb və 61 min manat cərimədən xilas olmağın yollarını arayır. Yəqin ki, tapar.(Azadliq.info)