Rusiyada 2017-ci ilin ən uğurlu ekran əsərlərindən biri də “Trotski” serialı oldu. Serialda ən məşhur rus aktyorları ilə yanaşı, əslən azərbaycanlı olan Orxan Abulov da rol alıb. Stalin obrazını canlandıran Orxanın aktyor ifası rus tənqidçilər tərəfindən çox yüksək dəyərləndirildi. Hətta çoxları bu aktyoru “ekranın ən yaxşı Stalini” adlandırmağa başladılar. Həm filmin, həm də həmvətənimizin uğurundan təsirlənib, Orxanın axtarışına çıxdım. Sosial şəbəkələrdən, mediadan uzaq qaçan bu gənc “Stalin”i nəhayət ki, tapdım.
Rusiyanın məşhur gənc aktyoru Orxan Abulovun müsahibəsini təqdim edirik.
– Abulov… Maraqlı soyadınız var.
– Düşünürəm ki, bundan da maraqlı soyadlar var. Məsələn “Zaikin”, “Şlyuxin”.
– Doğrudur, amma soyadınızı oxuyub, azərbaycanlı olduğunuzu anlamaqda çətinlik çəkdim. Yəqin ki, əslində Əbilovdur. Rusiyada yaşadığınız üçün bir az dəyişikliyə uğrayıb.
– Bəlkə də…Valideynlərim çoxdan Rusiyada yaşayıblar. Özüm də 1992-ci ildə Moskvada doğulmuşam. Əslən azərbaycanlıyıq.
– Aktyorluğa gəlişiniz necə olub?
– Uşaqlıqdan teatr səhnəsindəyəm. Ən böyük uğurum isə Rusiyanın xalq artisti Konstantin Raykinin kursunu bitirib, onun rəhbərlik etdiyi teatr truppasında çalışmağımdır.
– Orxan, deyirsiniz ki, əslən azərbaycanlısınız. Olmusunuzmu ölkəmizdə?
– Olmuşam. Amma bu hadisəni xatırlamağı sevmirəm. Düz iki il öncə Azərbaycana kino çəkməyə gəlmişdim və məni müvəffəqiyyətlə oradan qovdular. Ondan sonra bir daha getmədim.
– Səbəb?
– Bilmirəm. Rəsmi icazəmiz də var idi. Böyük çəkiliş komandamızla birgə Azərbaycana gəldik. Səbəbsiz yerə geri qaytarıldıq. Ruhdan düşməyib, Gürcüstana getdik. Bəlkə də bu daha yaxşı oldu. İnsan ayağı dəyməyən torpaqlarda terrorçuların, cinayətkarların gizləndiyi ərazilərdə filmi çəkib bitirdik. Məni məyus edən odur ki, hətta bu şəraitdə işləmək, tarixi torpağımda film çəkməkdən daha rahat oldu.
– Təəssüf edirəm.
– Mən də təəssüflənirəm.
– Nə isə…Keçək əsas uğurunuza. Orxan, Rusiyanın ən reytinqli layihəsində Stalin rolunu canlandırdınız. Xabenski, Bezrukov, Poreçenkov kimi çox məşhur aktyorlarla bir serialda iştirak etdiniz. Təbrik edirəm.
– Çox sağ olun.
– Təklif necə gəldi? Kastinqlərdənmi keçdiniz?
– Bilirsiniz, bir aktyor kimi zahiri görünüşümə görə çətinliklərim var. Çünki qaraşın qafqazlı oğlan Rus Dram Teatrının səhnəsində “Xlestakov” obrazını canlandıra bilməz. Amma bunun müsbət cəhəti də var ki, rus səhnəsində rəqibim azdır. Uzun müddət bu rol üçün aktyor axtardılar. Hətta məndən öncə məşhur gürcü aktyora təklif olunmuşdu Stalin obrazını oynamaq. Bildiyimə görə, əmək vizasında problem yarandığı üçün həmin aktyor Rusiyaya gələ bilmədi. Uzun axtarışdan sonra mənim üzərimdə dayandılar. Dəvət etdilər və sınaq çəkilişlərindən keçdim. Amma təəssüf ki, rejissor gürcü aksentində yaxşı danışmadığıma görə məni tənqid etdi. Mübahisə edib, çəkiliş meydançasından uzaqlaşdım. Təəssüf ki, aktyorlarla iş birliyini bacarmayan belə rejissorlar var. Truppamızla birgə Şanxaya qastrola getməli idik. Birdən mənə zəng gəlir ki, layihənin rejissoru dəyişdi, səni geri çağırırlar. Qayıtdım, məşhur rejissor Statski ilə şəxsən tanış olub, uğurlu əməkdaşlığa başladıq. Beləcə serial ərsəyə gəldi.
– Bu serialı karyeranız yolunda uğur hesab edirsiniz?
– Əlbəttə, edirəm. Axmaq deyiləm axı. Amma bunu böyük xoşbəxtlik də hesab etmirəm.
– Ancaq mən edirəm. Bilirsiniz niyə? İlk seriyanı izləyib, düşündüm ki, Stalin obrazını canlandıran aktyor ermənidir. Çünki Rusiyada bizim sənətçilərimizin sayı olduqca azdır. Emin Ağalarov, Timur Vanşteyn, Vado Korovin və bir neçə digər azərbaycanlıdan başqa, rus səhnəsində heç bir həmvətənimizə rast gəlmirik.
– Doğrudur, rus səhnəsində azərbaycanlılar olduqca azdır.
– Bu baxımdan Stalini tarixi lider, diktator kimi sevməsəm də, bu obraza xüsusi simpatiya bəslədim.
– Təşəkkür edirəm.
– Orxan, əminəm ki, bu obrazı canlandırmaq üçün sizə hələ çox təkliflər gələcək.
– Serial hələ Birinci kanalın efirinə çıxmamış, mənə zəng gəldi. Bir layihədə ikiqat qonorarla Stalini canlandırmağımı təklif etdilər. Amma razılaşmadım. Çünki bir suda ikinci dəfə çimmək maraqlı deyil.
– Niyə? Xabenski kimi böyük aktyor da Trotski obrazını daha öncə digər filmdə canlandırıb.
– Vəziyyət fərqlidir axı. Məsələn, bir gün Qay Riçi kimi bir rejissor mənə zəng vurub desə ki, sənə öz filmimdə Stalini canlandırmağı təklif edirəm, təbii, razılaşaram. Bax, bu mənim üçün böyük təcrübə olar. Bütün oxuduqlarımı, öyrəndiklərimi gerçəkləşdirmək imkanı qazanaram. Belə isə sanki simamı satıb, hər filmdə Stalin olmaq maraqlı deyil mənə. Allaha şükür ki, buna maddi ehtiyacım da yoxdur.
– Teatrı daha çox sevirsiniz, yoxsa kinonu?
– Bu iki anlayışı bir birindən fərqləndirə bilmirəm. Çünki onların arasında bir vəhdət var. Çox vaxt teatrda öyrəndiklərini kino sahəsində reallaşdıra bilirsən. Teatr aktyora daim formada qalmağı, səhvləri üzərində işləməyi, psixoloji, fiziki hazırlığı öyrədir. Çünki canlı səhnə məktəbdir və bu hazırlıq filmdə rolun öhdəsindən gəlməyə yardım edir. Düşünürəm ki, teatr sahəsində təcrübəsi olmayan aktyor kinoda uğur qazana bilməz. Yəni teatr aktyorun vitrinidir.
– Bəs bu obraz kinoda ikinci rolunuzdur?
– İnternetdə oxudum ki, guya bu serialdan öncə Stalindən bəhs edən digər bir filmdə oynamışam. Halbuki o film çəkiləndə 11-ci sinifdə oxuyurdum və kaskadyor kimi iştirak etmişəm, aktyor kimi yox. Amma tələbəliyimdən bəri qısametrajlı filmlərdə rol almışam. Hətta Sergey Bezrukovun xanımı Anna Matisonun bir filmində oynamışam.
– Görürsünüzmü, siz müsahibələrdən qaçırsınız, haqqınızda yanlış informasiyalar yayılır.
– PR, müsahibələr, verilişlərdə görünmək… Mən belə şeyləri sevmirəm. Daxilən sakit təbiətli insanam. Aktyordan çox rejissor kimi kölgədə qalmağa üstünlük verirəm. Onsuz da bütün gün səhnədəyəm, ondan sonra da efirlərdə olmaq, müsahibələr vermək mənlik deyil. Belə şeylərdən kənarda qalmağı sevirəm. Amma yenə də baxın, prinsiplərimi tapdayıb, sizə müsahibə verdim.
– Dəyərinizə görə çox sağ olun, amma mən istəyirəm ki, sizi ölkəmizdə də tanısınlar. Həmçinin bu peşənizin bir hissəsidir.
– Yəqin gələcəkdə fikrimi dəyişərəm.
– Deyirlər, aktyorluq peşə deyil, diaqnozdur.
– (Gülür) Bilmirəm nə deyim, amma gözəl səslənir. Hətta ustadım Raykinin sevdiyim belə bir fikri var, deyir ki, mən teatrın dequstatoru yox, sərxoşuyam.
– Sərxoşluq demişkən, rus psixologiyasında böyümüsünüz. Spirtli içkilərlə aranız necədir?
– Dadlı, ətirli içkini kim sevmir ki? Amma təbii ki, qədərində. Ağlımı itirənədək içib, ağzım köpüklənə-köpüklənə küçələrdə soyunub, “Spartak çempion” deyəcək qədər içməmişəm. Buna pis baxıram, ancaq spirtli içkiləri dadmamaq günahdır.
– Yaxşı aktyor yad bədənlərə asanlıqla girməyi bacaran ruh kimi olmalıdır. Necə düşünürsünüz bu sizdə alınırmı?
– Serialda Trotskini öldürən qəddar Stalini canlandırıram. Teatr səhnəsində məsum gəncin rolunu oynaya bilərəm. Yəni mütəmadi olaraq bir çox insana çevrilə bilərəm. Amma özümlə baş-başa qalanda bunun öhdəsindən nə dərəcədə gəldiyimin haqq-hesabını aparıram. Amma yenə də bunu mən yox ətrafımdakılar, peşəkarlar deyə bilərlər.
– Ümumiyyətlə, özünüzə necə xarakteristika verirsiniz?
– Söhbət peşəmdən gedərsə, çox ciddi, perfeksionist, hətta diktator xarakterim var. Amma şəxsi həyatımda sakit, mehriban, mülayim insanam.
– Gələcək planlarınız varmı? Daha hansı reytinqli layihələrdə görə biləcəyik sizi?
– Gələcək planlarım dünyanı fəth etməkdir (gülür). Layihələr çoxdur. Yavaş-yavaş gerçəkləşdikcə şahidi olacaqsınız. (publika.az)