Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Ölkənin yeganə xanım başçısı Yeni il ərəfəsində baş redaktoru həbsə göndərir – Sərt açıqlama

Azərbaycanın yeganə xanım icra başçısı olan İradə Gülməmmədova Yeni il ərəfəsində minlərlə oxucusu olan “Gündəm Xəbər” qəzetinin baş redaktoru Şirin Cəfərini həbs etdirmək üçün səfərbər olub.

Başçı prezident “köməkçisi”nə qarşı

Abşeron rayon icra hakimi İ.Gülməmmədova baş redaktoru məhz yazılara görə xüsusi ittiham qaydasında məhkəməyə verməklə”Diffamasiya haqqında qanun”a qarşı getməkdədir.
Prezident İlham Əliyev də açıq şəkildə bəyan edib ki, jurnalist məqaləsinə görə təqib oluna, həbs edilə bilməz.
Dövlət başçısı Milli Mətbuat Günü jurnalistlərlə görüşündə də bildirmişdi ki, media əhli onun köməkçikləridir.
Çünki məmur özbaşınalığı, qanunsuz hərəkətlər barədə yazmaqla ona kömək etmiş olurlar. Prezident demişdi ki, ictimai nəzarət güclənməlidir.
Ancaq Abşeronun xanım icra başçısı baş redaktoru məhkəməyə verərək onun Yeni ili həbsdə keçirməsinə can atır.
Belə ki, dekabrın 6-da Binəqədi Rayon Məhkəməsində hakim Yaşar Əliyevin sədrliyi ilə İ.Gülməmmədovanın şikayəti əsasında xüsusi ittiham qaydasında Ş.Cəfərinin təsisçisi olduğu “Gündəm Xəbər” qəzetinə qarşı iddia ilə bağlı növbəti məhkəmə prosesi keçirilib.
Hakim Yaşar Əliyev bu prosesdə işi icraata götürüb. Bundan əvvəl isə xanım icra başçısı Ş.Cəfəri barədə xüsusi ittiham qaydasında Xətai Rayon Məhkəməsinə şikayət vermişdi.
Sonra iş Binəqədi Rayon Məhkəməsinə göndərilib. Görünən budur ki, İ.Gülməmmədova jurnalisti həbs etdirməkdə israrlıdır və prezidentin “köməkçi”lərindən birini tutdurmaq ehtirası soyumayıb.
Məhkəmə prosesinnən sonra redaksiyamıza açıqlama verən Şirin Cəfəri bildirib ki, şikayətin heç bir hüquqi əsası yoxdur.

“Fazil Məmmədov kimiləri görmüşük”

Baş redaktorun sözlərinə görə, icra başçısı prosedura uyğun olaraq Mətbuat Şurasına müraciət etmək əvəzinə, məhkəməyə üz tutur:
“Bununla tənqidçi medianı susdurmaq, qorxutmaq, təzyiq etmək yolunu seçdiyini aşkar şəkildə bəyan edir.
Yadınızdadırsa, bir müddət öncə prezident İlham Əliyev cənabları bildirmişdi ki, məmurların jurnalistləri həbs etdirməsi və cərimələtməsi yolverilməzdir. Bu həqiqətən də belədir.
Üstəlik, Abşeronla bağlı məqalədə şər-böhtan, təhqiramiz ifadələr yoxdur. Ancaq icra başçısı prezidentin sözlərinə qarşı gedərək məhkəmə ilə bizi qorxutmaq arzusundadır”.
Ş.Cəfəri qeyd edib ki, Abşeron kimi böyük rayona rəhbərlik edən İ.Gülməmmədovanın atdığı addım arqumentsiz və hüquqi əsası olmayan hərəkətdir:
“Dövlət başçısı icra hakimləri təyin edərkən onlara xalqla işləməyi tapşırır. Bunu prezident müşavirələrində söyləyib.
Ancaq İradə Gülməmmədova xalqla işləmək, dərd-sərinə şərik olmaq yerinə, mətbuatın işıqlandırdığı problemlərin həllinə göstəriş vermək əvəzinə məhkəməyə müraciət edərək məni həbs etdirmək eşqinə düşüb.
Ancaq unudur ki, “Gündəm Xəbər” qəzeti uzun müddət nazirlərlə, məmurlarla əldə qələm döyüşərək, əsaslı tənqid yazaraq müstəqilliyini qoruyub, özünü ayaq üstə saxlayıb.
İradə xanım deyəsən unudur ki, “Gündəm Xəbər”i cərimələyən, məni həbs etdirmək istəyən vergilər naziri Fazil Məmmədov artıq vəzifəsindən azad olunub, daim tənqid etdiyimi müdafiə naziri Səfər Əbiyev, nəqliyyat naziri Ziya Məmmədov və başqaları prezident tərəfindən cəzalandırılıblar. Biz belə nazirlər görmüşük.
Xalqına, vətəndaşına zidd addım atan, mətbuatı düşmən gözündə görən, prezidentin tapşırıqlarına qarşı fəaliyyət göstərən məmurların sonu belə olur.
Ona görə də yüz minlərlə sakini olan Abşerona rəhbərlik edən İradə xanım məni həbs etdirmək fikrinə düşməkdənsə, rayonun problemlərini yoluna qoysa yaxşı olar”.

“Hakimiyyəti dünya önündə çətinə salırlar”

Ş.Cəfəri bildirib ki, prezidentin bu məhkəmə prosesini diqqətdə saxlayacağına inanır: “Məsələnin digər absurd tərəfi ondan ibarətdir ki, “Gündəm Xəbər” qəzetinin hüquqi ünvanı Yasamal rayonudur.
Ancaq Binəqədi rayon məhkəməsi bu işi icrata götürür. İradə Gülməmmədova hansı məntiqlə bu rayonun məhkəməsinə müraciət edib?
Görünür, İradə Gülməmmədova hansı rayonda tanış hakimi varsa ora müraciət etməyə üstünlük verir.
Amma peşəkar jurnalistikaya dəstək verən prezidentin bu cür məmurların hərəkətlərinə son qoyacağına inanıram”.
Baş redaktor deyib ki, ayrı bir xəbər portalı qəzetdə icra başçısı ilə bağlı araşdırma yazısını 13 gün sonra istinadla dərc edib.
Amma İ.Gülməmmədova həmin saytın ünvanı üzrə Binəqədi Rayon Məhkəməsində işinə baxılmasını təmin etməyə müvəffəq olur.
“Əslində “Gündəm Xəbər” qəzeti Yasamal rayon ərazisində yerləşən “Azərbaycan” Nəşriyyatında redaksiya olaraq fəaliyyət göstərir və həmin ərazidə çap olunur.
Lori dildə desək, hadisə Yasamalda baş verib. Buna görə də xüsusi ittiham qaydasında olan işə Yasamal Məhkəməsində baxılmalıyıdı.
Ancaq görünən odur ki, sifarişin mənbəyi o qədər güclüdür ki, zor gücünə Binəqədidə təmin etdirə bilib.
Hər halda özlərini rəhbərlik etdiyi ərazinin padşahı hesab edən icra başçıları hələ də dərk edə bilmirlər ki, atdıqları bu addımla ölkənin siyasi hakimiyyətini beynəlxalq təşkilatların qarşısında çətin duruma salırlar.
Amma mən prezidentə güvənirəm və onun reaksiyasını gözləyirəm. Eyni zamanda İradə xanımın Mehriban xanım Əliyevadan nümunə götürəcəyinə ümid edirəm”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir