Gözəl Bayramlı: “Milyonları yeyənlər azadlıqdadır, məni isə ev dustaqlığına da buraxmaq istəmirsiz” VİDEO
Noyabrın 30-da Qazax Rayon Məhkəməsində AXCP sədrinin müavini Gözəl Bayramlının işi üzrə məhkəmə prosesi başlayıb. Bu ilin mayından həbsdə olan Gözəl xanımın işi hakim Ağarza Səmədovun icraatındadır.
Bu gün məhkəmənin hazırlıq iclası keçirilib. Elə məhkəmənin ilk günündən partiyadaşları geniş heyətlə prosesdə iştirak edib.
Hazırlıq iclasında Gözəl Bayramlının vəkili Elçin Sadıqov müvəkkilinin dəmir qəfəsdən çıxarılıb onun yanında əyləşməsini istəyib. Bildirib ki, müdafiəni həyata keçirmək üçün tez-tez müvəkkili ilə məsləhətləşmək zərurəti yaranır.
Hakim vəsatəti təmin edib. Bildirib ki, Gözəl Bayramlının vəkilinin yanında əyləşməsinə etirazı yoxdur, amma gərək dustqların aparılıb-gətirilməsinə nəzarət edən konvoy taborunun rəisi də razılıq versin.
Vəkil bildirib ki, məhkəmə zalında qaydaları hakim müəyyənləşdirir. Başqa məhkəmələrdə də bu cür məsələlərdə hakim özü qərar verir.
Konvoy taborunun rəisi icazə verməyib, ona görə də Gözəl Bayramlı dəmir qəfəsdən çıxarılmayıb.
Daha sonra vəkil Gözəl Bayramlı barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi, əlavə şahidlərin dindirilməsi, Gürcüstanın gömrük-buraxılış məntəqəsinə sorğu göndərilməsi, Azərbaycanın gömrük-buraxılış məntəqəsindən video-görüntülərin alınması, əlavə şahidlərin dindirilməsi, qanunsuz sübutların siyahıdan çıxarılması və s. vəsatətlər qaldırıb.
E.Sadıqov bildirib ki, Gözəl Bayramlının ittiham olunduğu maddə ilə təqsirləndirilənlər barəsində adətən həbs-qətimkan tədbiri seçilmir, onlar ibtidai istintaq və məhkəmə dövründə azadlıqda olurlar.
Müdafiəçinin sözlərinə görə, o, Gözəl Bayramlının həbsindən az sonra Qazaxdakı “Sınıq körpü” sərhəd-buraxılış məntəqəsinə vəkil sorğusu göndərərək, həmin gün lentə alınmış videogörüntüləri istəyib. Amma vəkilə cavab verilib ki, vaxtında müraciət olunmayıb, artıq gecdir, görüntülər qalmayıb.
“Halbuki, biz həmin görüntüləri almaq üçün elə vaxtında müraciət eləmişdik. Xahiş edirəm, bu qurumun Əsasnaməsi də alınsın. Çünki Əsasnamədə yazılıb ki, görüntülərin saxlanma müddəti bir ildir”, – vəkil bildirib.
Gözəl Bayramlı həbs olunarkən iki qadından istifadə edildiyini deyən vəkilin sözlərinə görə, onlardan biri gömrük-keçid məntəqəsində xadimə, digərinin isə çaypaylayan işləyir. Müdafiəçi bildirib ki, onların gömrük-buraxılış məntəqəsində çalışanlarla əməkdaşlığına dair şübhələr var.
Elçin Sadıqov həmçinin AXCP sədri Əli Kərimli, Solmaz Hüseynova və Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin məhkəmədə dindirilməsi haqda vəsatət qaldırıb. Vəkil bildirib ki, Gözəl Bayramlı gömrük-buraxılış məntəqəsindən keçərkən çantasına nə isə atıldığını görüb, hələ heç axtarış aparılmamışdan öncə bu adamlarla telefonla danışıb, çantasına nə isə atıldığını deyib.
Gürcüstan tərəfinin gömrük-buraxılış məntəqəsinə sorğu göndərilməsi haqda vəsatəti isə vəkil belə əsaslandırıb: “Gözəl xanım Gürcüstan tərəfin gömrük-buraxılış məntəqəsini keçəndən sonra Azərbaycan tərəfinin gömrük-buraxılış məntəqəsinə gəlib. Əgər iddia olunduğu kimi, onun üzərində pul olsaydı, bu halda, gürcü gömrükçüləri onu bilərdilər”.
Gözəl Bayramlı vəkilinin qaldırdığı vəsatətlərin hamısını müdafiə etdiyini bildirib.
Amma ittihamı müdafiə edən prokuror vəsatətlərin əleyhinə çıxıb. Deyib ki, vəsatətlər əsassızdır, təmin olunmamalıdır.
Gözəl Bayramlı prokurorun çıxışına belə münasibət bildirib: “Hamı bilir ki, mənim həbsim siyasi sifarişdir, verilən ittiham da qondarmadır. Necə olur, milyonları yeyən generallar azad edilir, amma məni ev dustaqlığına da buraxmaq istəmirsiz?! Səbəb məlumdur. Necə ki, mənim həbsimin siyasi sifariş olduğu hamıya bəllidir. Hamı çox yaxşı bilir ki, bu ittiham da saxtadır. Mənim Azərbaycan məhkəmələrindən ədalət gözləntim yoxdur. Belə olan halda, biz ancaq həqiqəti çatdırmaq üçün burdayıq. Hələ çantada axtarışdan əvvəl mən Əli bəyə zəng elədim, çantama nə isə atdıqlarını dedim. Əli bəy soruşdu ki, nə olduğunu bilmirsən? Dedim ki, yox, heç gümanım yoxdur ki, nə ola bilər. Sonradan bilindi ki, pul atıblar. Mənə qarşı istifadə elədikləri qadınlar yalan danışır, onlar heç nə görməyiblər”.
Hakimin vəsatətlərlə bağlı qərarı dekabrın 1-də səhər saat 10-a təyin edilmiş məhkəmə iclasında məlum olacaq.