Yenifakt.info

Müstəqil xəbərlər portalı

Siyasət Sosial-iqtisadi

​ERBD ilə Azərbaycan arasında yeni saziş imzalandı

Oktyabrın 20-də “Cənub Qaz Dəhlizi” QSC (CQD) və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) layihəsinin dəstəklənməsi məqsədilə kredit ayrılmasına dair müqavilə imzalanıb.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən Muxalifet.az-a bildiriblər ki, 500 milyon ABŞ dolları məbləğində olan kredit sazişini CQD-nin baş direktoru Əfqan İsayev və EBRD-nin enerji və təbii sərvətlər bölməsinin Rusiya, Qafqaz, Mərkəzi Asiya üzrə direktoru Aida Sitdikova, kredit müqaviləsinə dair zəmanət sazişi isə Azərbaycan Hökuməti adından maliyyə naziri Samir Şərifov və Aida Sitdikov arasında imzalanıb.
Bundan əvvəl, bu il oktyabrın 18-də CQD TANAP layihəsinin maliyyələşdirilməsi üçün dövlət zəmanəti əsasında 18 il müddətinə 500 milyon ABŞ dolları məbləğində kreditin ayrılmasına dair Avropa Yenidənqurma və İnkişaf Bankının Direktorlar Şurası müsbət qərar qəbul edib.
Maliyyə naziri Samir Şərifov imzalanma mərasimində bildirib ki, Azərbaycanın liderliyi və təşəbbüskarlığı ilə reallaşdırılan “Cənub Qaz Dəhlizi” layihəsinə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı, Asiya İnkişaf Bankı və digər aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən verilən dəstək bu qlobal enerji layihəsinə inam və etibarın bariz nümunəsidir. Nazir Prezident İlham Əliyevin “Cənub Qaz Dəhlizi”ni enerji təhlükəsizliyi layihəsi adlandırdığını xatırladaraq bu layihənin təkcə Azərbaycan üçün deyil, Avropa və regionun enerji təhlükəsizliyi üçün xüsusi önəm daşıdığını vurğulayıb.
CQD-nin baş direktoru Əfqan İsayev “Cənub Qaz Dəhlizi” layihəsinin Azərbaycan qazının qlobal enerji bazarlarına çıxışına xidmət edəcəyini və milli iqtisadiyyatın inkişafına öz əhəmiyyətli töhfəsini verəcəyini bildirərək, bu istiqamətdə görülmüş işlər barədə məlumat verib: “Cəmiyyət tərəfindən “Cənub Qaz Dəhlizi” layihəsi üzrə (mövcud Şahdəniz 1 və Cənubi Qafqaz Boru Kəməri layihələri daxil olmaqla) 2020-ci ilə kimi (daxil olmaqla) ümumi tələb olunan təqribən 11.8 milyard ABŞ dolları məbləğində vəsaitdən indiyədək 7.8 milyard ABŞ dolları hissəsi, yəni təqribən 66 faizi icra edilib. Bundan cari ilin əvvəlindən bu günədək 1.9 milyard ABŞ dolları məbləğində investisiya qoyulub. Layihə çərçivəsində “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi üzrə görüləcək işlərin (ilk qazın hasilatına dair) 96 faizi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) üzrə ilk qazın ötürülməsinə dair işlərin 98 faizi yerinə yetirilib. TANAP-ın inşası üzrə işlərin 82 faizi, Trans-Adriatik Boru Kəmərinin (TAP) inşası üzrə isə işlərin 53 faizi icra edilib. İnşaat işləri uğurla davam etdirilir”.
A.Sitdikova isə EBRD və Azərbaycan arasında mövcud əməkdaşlığı yüksək qiymətləndirərək vacib tərəfdaş kimi Azərbaycanla bundan sonra da əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını ifadə edib.
Qeyd etmək lazımdır ki, “Cənub Qaz Dəhlizi” layihəsinin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndiriləcək Cənubi Qafqaz Qaz Boru Kəməri və yeni tikiləcək TANAP və TAP vasitəsilə Türkiyə və Cənubi Avropa ixracını təmin etməkdir.
“Cənub Qaz Dəhlizi” QSC Azərbaycan Respublikası Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və “Cənub Qaz Dəhlizi”nin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 2014-cü il 25 fevral tarixli, 287 nömrəli Sərəncamı əsasında yaradılıb və səhmlərinin 51 faizi dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49 faizi isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir