Yenifakt.info

Müstəqil xəbərlər portalı

Gündəm

Jurnalistin anası: “Müstəntiq dedi ki, o biri oğlunu, gəlinini də tutarıq”

«Oğlumun işi ilə əlaqədar müstəntiq birinci dəfə məni prokurorluqda dindirəndə gördüm ki, halım pisləşir, dedim ki, məni buraxsın. Amma qoymadı getməyə. Orada koma vəziyyətinə düşdüm, təcili tibbi yardım çağırıb birbaşa reanimasiyaya yerləşdirmişdilər. Müstəntiq deyirdi ki, «səni, o biri oğlun Anarı, gəlinini də tutarıq, hamınız birlikdə olarsız». Dedim ki, «balalarım harada, mən də orada…»», – «Kanal-13» internet televiziyasının rəhbəri Əziz Orucovun anası Almaz Həsənovanın sözləridir. O, oğlunun məhkəməsində şahid kimi dindirilib.

2017-ci il mayın 2-dən həbsdə olan Ə.Orucovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Mirzə Xankişiyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır. Oktyabrın 10-da keçirilən məhkəmədə öncə jurnalistin vəkili Cavad Cavadov onun ev dustaqlığına buraxılması, həmçinin CM-nin 192-ci (qanunsuz sahibkarlıq) maddəsinin şərhi üçün Konstitusiya Məhkəməsinə sorğu göndərilməsi haqda vəsatətlər qaldırıb.

«KONSTİTUSİYA MƏHKƏMƏSİ AYDINLAŞDIRSIN Kİ…»

«2016-cı ilin mayında Cinayət Məcəlləsində bir çox maddələrə, o cümlədən 192-ci maddəyə dəyişiklik edildi. Orada «dövlət qeydiyyatına alınmadan» ifadəsinə «vergi uçotuna alınmadan» əlavəsi edildi. Yəni konkretləşdirildi ki, hansı fəaliyyət qanunsuz sahibkarlıq kimi qiymətləndirilə bilər. Amma müstəntiqlər, məhkəmələr QHT işində o maddəni istədikləri kimi yozdular. Ona görə də xahiş edirəm, Konstitusiya Məhkəməsinə sorğu göndərin, dəqiqləşsin ki, konkret hansı fəaliyyət nəzərdə tutulub», – vəkil vəsatətini əsaslandırarkən belə deyib.

Vəsatətlərin heç biri təmin olunmayıb.

Ardınca prokuror ittiham aktını elan edib. Məlum olub ki, Ə.Orucova bir neçə il ərzində müxtəlif media təşkilatlarından alınmış 209 min manatlıq qrant hesablayıblar. Həmin qrant müqavilələrinin Ədliyyə Nazirliyində qeydiyyatdan keçmədiyini əsas gətirib, bunu qanunsuz sahibkarlıq kimi qiymətləndiriblər.

İttihamın elanından sonra Ə.Orucov özünü qətiyyən təqsirli bilmədiyini deyib. Ardınca onun anası Almaz Həsənova və həyat yoldaşı Lamiyə Orucova məhkəmədə şahid qismində dindirilib.

«QANUNDA VARMI Kİ, QARDAŞIN CƏZASINI QARDAŞ ÇƏKMƏLİDİR?»

66 yaşlı A.Həsənova da oğlunun günahsız olduğunu söyləyib:

«Mən sadə müəlliməyəm, qanunlardan bir qədər məlumatlı deyiləm. Elə bir qanunvericilik varmı ki, qardaşın cəzasını qardaş çəkməlidir, atanın cəzası oğula verilməlidir? Əzizin heç bir günahı yoxdur. Qrant, layihələr olubsa da, o işlərə Anar baxıb. Mən müstəntiqə də dedim ki, əgər kimsə pis iş görürsə, bunun günahkarı valideyn, bir də o adamın müəllimləridir. Əgər balamın günahı varsa, onda məni cəzalandırın. Dedi ki, «yaxşı fikirdir, səni də tutarıq, o biri oğlunu da gətirərik, gəlinini də, hamınız bir yerdə olarsız». Dedim, «lap yaxşı, balalarımın yanında olaram»».

A.Həsənovanın digər oğlu Anar Orucov Almaniyada yaşayır. O, uzun illər «Qafqaz Media Tədqiqatlar Mərkəzi» adlı İctimai Birliyə və «Kanal-13»ə rəhbərlik edib. 2015-ci il sentyabrın 1-dən İctimai Birliyin sədri A.Həsənova olub:

«Həyat yoldaşım rəhmətə gedəndən sonra mən də məktəbdən çıxdım. Sədr seçilməyim də Nizamnaməyə uyğun olub».

«ƏZİZ İŞDƏN SONRA TAKSİ SÜRÜRDÜ…»

L.Orucova da həyat yoldaşının günahsız olduğunu söyləyib. Onun özü də «Kanal-13»ün əməkdaşı olub:

«Mən iki il orada işləmişəm. Əziz Orucov bir neçə nəfərdən ibarət işçilərə zəhməthaqqını öz hesabına verirdi. Axşam saat 6-dan gecə 4-ə qədər taksi sürürdü, qazandığı puldan verirdi. O, layihələrdə iştirak etməyib. Biz 2014-cü ildə tanış olmuşuq, onda «Qafqaz Media Tədqiqatlar Mərkəzi2nin fəaliyyəti demək olar ki, yox idi».

Vəkil C.Cavadov da deyib ki, «Uber» taksi xidməti rəsmi sorğuya cavab olaraq, Ə.Orucovun onların əməkdaşı olduğunu təsdiqləyib.

Məhkəmə oktyabrın 17-də digər şahidlərin ifadələri ilə davam edəcək. Şahidlər arasında keçmiş deputat, Ümid Partiyasının sədri İqbal Ağazadə də var.

azadliq.org

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir