Azərbaycan rejimi tərəfindən insan hüquqlarının pozulması hallarının davam etdiyini nəzərə alaraq konqresmenlər Kris Smit (Respublikaçı, Nyu Cersi ştatı) və Cim MakQovern (Demokrat, Massaçusets ştatı) Azərbaycanda insan hüquqlarının hörmət edilməsini və qanunun aliliyini təşviqini nəzərdə tutan qətnamə layihəsi irəli sürüblər.
Media-fakt.info-nun məlumatına əsasən, “Amerikanın səsi” xəbər verir ki, Konqresin Nümayəndələr Palatasının Beynəlxalq İnsan Hüquqları panelinə sədrlik edən Smit bildirib: “Azərbaycan rejimi işgəncələr, siyasi motivli cinayət işləri, təcavüz, beynəlxalq adam qaçırma və digər növ təhdidlər vasitəsilə insan hüquqları müdafiəçilərini, müstəqil jurnalistləri və dini liderləri susdurmaq cəhdlərinə davam edirlər.” Konqresmen əlavə edib ki, “bizim ölkələr arasında əhəmiyyətli təhlükəsizlik və iqtisadi əlaqələrin mövcudluğu aydın olsa da, bu cür pozuntulara göz yumulmamalıdır.
Qətnamədə ABŞ hökümətinin Azərbaycan höküməti ilə əməkdaşlıq etdiyi zaman insan hüquqları və fundamental azadlıqların prioritetləşdirilməsi, o cümlədən Qlobal Maqnitski İnsan Hüquqlarına Cavabdehlik Aktına əsasən insan hüquqları pozuntularına yol verən rəsmilərin cəzalandırılması təklif edilir. Bununla bərabər, qətnamədə Azərbaycan hökümətinin bütün siyasi məhbusların və vicdan məhbuslarının dərhal azad edilməsi və hökümətin hesabatlılığını və demokratik dəyərləri təşviq edən insanların hədəfə alınmasının dayandırılması çağırılır.
Qlobal Maqnitski Aktının yeni dövrdə universal insan hüquqlarının müdafiəsində ABŞ-ın liderliyinə yol açmış olduğunu deyən Smitin hazırladığı sənəddə deyilir: “ABŞ, insan hüquqları pozuntularına yola verən insanlara qarşı viza qadağası, əmlakın dondurulması kimi alətlərdən istifadə etməlidir. Bu ölçülər Azərbaycan hökümətində hüquq pozuntularına yol verən insanların bəhrələndiyi cəzasızlıq mühitini məhv edəcək”.
Yenifakt.info
Müstəqil xəbərlər portalı