Müxalifətin şənbə mitinqi “Korrupsiyaya yox, siyasi məhbuslara azadlıq”! şüarı altında keçirilib. Mitinq iştirakçıları hakimiyyətdən “xalqdan oğurlanmış pulların qaytarılmasını” tələb ediblər.
Bu fikir mitinqdə bütün çıxışlarda təkrarlanıb. “Onillərlə hüquqlarımızı pozan korrupsiyaya uğramış bu rejim indi cinayət üstündə yaxalanıb”, deyə Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimli bildirib.
İndi xalqın oğurlanmış pullarını qaytarmağın vaxtı çatıb, deyə Kərimli əlavə edib.
“Xalq çox şey istəmir. Xalq deyir ki, siz ölkənin milyardlarını talamısınız. İndi heç olmasa əməkçilərin maaşlarını artırın, təqaüdləri, yardımları artırın, iş yerləri açın, ödənişli təhsili ləğv edin. Bəsdir ölkənin sərvətlərini taladınız”, deyə Kərimli əlavə edib.
O, həmçinin siyasi məhbusları azad etməyə çağırıb.
Bu zaman Kərimli qeyd edib ki, mitinqə hazırlıq prosesində 53 AXCP fəalı saxlanılıb. Mitinqin aparıcısı olacaq İlham Hüseyn dünən 15 gün müddətinə həbs edilib. Partiyanın digər üzvləri – Emil Salamov, Saqif Qurbanov, Bəhruz Həsənli, Aqil Məhərrəmov da eyni müddətə həbs olunub.
“Bu həbslərin məqsədi mitinqlərin davamlı olmasına imkan verməməkdir. Amma hamını həbs etmək mümkün deyil”, deyə Kərimli bildirib.
AXCP Ali Məclisinin sədri Nurəddin Məmmədli regionlardakı fəalların mitinqdə iştirakına mane olmaq üçün yaradılan əngəllərə diqqət çəkib.
Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) sədri Cəmil Həsənli hakimiyyəti “korrupsiya və oğurluqda” ittiham edib.
“Bu hakimiyyət oğurlamağa öyrəşib. O, hakimiyyətin azad seçki hüququnu oğurlayıb, xalqın sərvətlərini oğurlayıb və nəhayət, jurnalist Əfqan Muxtarlını Tbilisidən oğurlayıb”, deyə Həsənli kinayə ilə qeyd edib.
O, hakimiyyətin mətbuat azadlığını pozmasına diqqət çəkib.
Həsənli hökuməti tənqid edən saytların bloklanmasını, “Azadlıq” qəzetinin bağlanmasını və nəhayət, Turan agentliyinin aradan qaldırılması cəhdlərini nəzərə çatdırıb.
“Bu hakimiyyət xalqın səsinin dünya ictimaiyyətinə çatdırılmasına imkan verməmək üçün azad mediaya qarşı mübarizə aparır”, deyə Həsənli bildirib.
O deyib ki, demokratik qüvvələrin mübarizəsi davam edir və növbəti mitinq 7 oktyabr saat 15:00-a təyin edilir.
Düz saat 17:00-da stadionda elektrik enerjisi kəsilib və təşkilatçılar aksiyanın qətnaməsini oxuya bilməyiblər.
Aksiya iştirakçıları vaxtaşırı “İstefa!”, “Azadlıq” şüarları səsləndiriblər. -06D-
* * *
2017 Sentyabr 23 (Şəmbə) 17:37:07
Milli Şura sentybarın 23-ü “Talana yox” şüarı ilə mitinq başlayıb
Milli Şuranın tərəfdarları artıq mitinqə toplaşırlar. Polis mitinqin keçiriləcəyi “Məhsul” stadionunun girəcəyində mitinqə gələnlərin üstünü bir-bir yoxlayır.
Aksiyaya toplaşanlardan bəziləri sinəsində siyasi məhbusların şəkilləri olan köynəklər geyib, əllərində onların şəkillərini tutublar.
Aksiyanın məqsədini Milli Şuraya daxil olan Azərbaycan Xalq Cəbhəs Partiyasının ( AXCP) sədri Əli Kərimli açıqlamışdı. O, dünyanın müxtəlif mətbu orqanlarında Azərbaycanla bağlı dərc olunmuş araşdırmalara istinad edərək demişdi:
“Milli Şura Baş Prokurorluqdan korrupsiya yolu ilə ölkədən çıxarılmış milyardlarla dollarla bağlı cinayət işi başlamasını istəyib. Lakin indiyədək nə prokurorluq cinayət işi başlayıb, nə də dövlət başçısı İlham Əliyev bununla bağlı izahat verib”.
Bakı şəhər Baş Polis İdarəsi isə mitinq təşkilatçılarına xəbərdarlıq verib.Polis bildirib ki, Bakı Şəhər İcra Haimiyyətinə göndərilən müraciətdə əks edilən şuarlardan əlavə şuarların səslənməsinə imkan verilməyəcək.