Ermənistan xarici işlər naziri yenə də cəfəng söz oyunu ilə məşğuldur. Bundan əvvəlki açıqlamaları ilə özünü pis duruma qoyan Ermənistan xarici işlər naziri indi vəziyyətdən çıxmaq üçün yenə müxtəlif yalan və bəhanələrə əl atır.
Bunu XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
H.Hacıyev deyib ki, ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Riçard Hoaqland tərəfindən münaqişənin həlli ilə əlaqədar səsləndirilən prinsiplər ATƏT-in digər həmsədr ölkələri tərəfindən də dəstəklənir və münaqişənin mərhələli həllini nəzərdə tutur: “Helsinki Yekun Aktı əsasında hazırlanan bu prinsiplərin mahiyyəti və məntiqinə görə birinci addım olaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ətrafındakı işğal edilmiş rayonlardan Ermənistan qoşunları çıxarılmalı və məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdırlar. Bu prinsiplər ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin prezidentləri səviyyəsində Akvil, Muskoka, Los-Kabos və Ensiklinen də verilmiş bəyanatlarda təsbit olunub.
Ən əsası odur ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində təsbit olunub. ATƏT Minsk Qrupunun həmsədr ölkələri BMT TŞ-nın daimi üzvləri olaraq bu qətnamələrin qəbul olunmasında birbaşa iştirak ediblər.
Ermənistan xarici işlər nazirinə xatırlatmaq istərdik ki, predmetli danışıqların mahiyyətini bu prinsiplərə və konkret vaxt qrafikinə uyğun olaraq Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması təşkil edir”.
XİN rəsmisinin sözlərinə görə, Azərbaycan dəfələrlə bəyan edib ki, münaqişənin tezliklə həlli və qəbuledilməz olan status kvonun dəyişdirilməsi üçün substantiv və ciddi danışıqlara hazırdır.