Respublikaçı Alternativ (REAL) Hərəkatının icraçı katibi Natiq Cəfərli barəsində başlanan cinayət işinə xitam verilib.
APA-nın xəbərinə görə, bu barədə N. Cəfərlinin vəkili Cavad Cavadov özünün “facebook” səhifəsində məlumat yayıb. Vəkil bildirib ki, bu gün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə çağırılıb. Orada N. Cəfərli barəsində başlanılmış Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.1 və 308.2 maddəsi ilə olan cinayət işinin icraatına əməlində cinayət tərkibi olmadığına görə xitam olunmasına dair qərar elan edilib.
Vəkil qeyd edib ki, axtarış zamanı götürülmüş əmlaklar, şəxsiyyət vəsiqəsi və digər sənədləri özünə qaytarılıb. Eyni zamanda ölkədən çıxma məhdudiyyətinin götürüləcəyi bildirilib.
Qeyd edək ki, N. Cəfərli ötən il avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq İdarəsinə çağırılıb. Daha sonra Nəsimi rayon Məhkəməsinə aparılan N. Cəfərlinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
N. Cəfərli Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirləndirilib.
Həmin il sentyabrın 9-da isə N. Cəfərli ilə bağlı həbs-qətimkan tədbiri ləğv edilib, o, məhkəmə zalından azadlığa buraxılıb.
Yenifakt.info
Müstəqil xəbərlər portalı