Yenifakt.info

Müstəqil xəbərlər portalı

Hadisə

Daha bir sayt bloklandı, üç baş redaktor prokurorluğa çağırıldı

Azərbaycanda daha bir xəbər saytının bloklandığı bildirilir. 
Avqustun 17-dən etibarən infoaz.org saytına ölkə ərazisində girişinin məhdudlaşdırıldığı açıqlanıb.
Saytın rəhbəri Namiq Cəfərli məhdudlaşdırmanın səbəblərindən xəbərsiz olduğunu bildirib.
N.Cəfərli, eyni zamanda, saytın bloklanmasından bir gün sonra, avqustun 18-də prokurorluğa çağırıldığını bildirib.
«Bu gün, avqustun 18-də səhər saatlarında mənə Baş Prokurorluqdan zəng etdilər. Bildirdilər ki, saat 16:00-da Baş Prokurorluqda olmalıyam. Çağırılmağımın səbəbləri haqda bir şey demədilər», – sayt redaktoru bildirib.
Məsələyə hələlik Baş Prokurorluğun mətbuat xidmətindən münasibət almaq mümkün olmayıb.
Saytların bloklanması Azərbaycanda bu ilin əvvəlindən geniş vüsət almağa başlayıb. Martın sonundan ölkədə bir neçə müstəqil və müxalif sayta giriş əngəllənib. Rabitə, Nəqliyyat və İnformasiya Texnologiya Nazirliyi əvvəlcə bundan xəbərsiz olduğunu bildirsə də, sonradan məhkəmədə üzə çıxdı ki, Baş Prokurorluğun müraciəti ilə belə bir addım atılıb.
Mayın 12-də isə Səbail Rayon Məhkəməsinin qərarıyla həmin saytların bloklanması məhkəmə müstəvisində həllini tapıb. Söhbət AzadlıqRadiosunun, «Azadlıq» qəzetinin, MeydanTV-nin, TuranTV-nin və «Azərbaycan saatı» televiziya proqramının saytlarından gedir. Məhkəmə qərarı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında verilib. Nazirliyin iddia tələbi qismən təmin olunub. İddia ərizəsində adları çəkilənlərlə yanaşı, bu informasiya resurslarına girişi mümkün edən başqa saytların da bloklanması istənilirdi.
Nazirlik iddiasının Baş Prokurorluğun müraciətinə söykəndiyini bildirib. Müraciətdə sözügedən saytlarda dövlətin maraqlarına, onun təhlükəsizliyinə ziyan vuran bir sıra yazıların yayıldığı iddia edilib. Ancaq müdafiə tərəfi məhkəmə prosesində iddiaların əsassız olduğunu bəyan edib.
Üstəlik, bu ilin iyununda jurnalist Anar Məmmədov da rəhbərlik etdiyi criminal.az saytının bloklanmasından şikayət etmişdi. O, bloklanmanı bir əsgər ölümü ilə bağlı hazırladığı foto və videoyazılarla əlaqələndirmişdi. Sayt hələ də qapalıdır.
Son həftələrdə bir neçə başqa internet resursuna da ölkə daxilindən girişin məhdudlaşdırıldığı bildirilir.
Bu gün “İnfoaz.org” saytının redaktoru Namiq Cəfərli, həmçinin “Xural.com”un baş redaktoru Əvəz Zeynallı və “Aztoday.az” saytının baş redaktoru Elmidar Əliyev Baş Prokurorluğa çağırılıb.
 (Arqument.az)

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir