İşğalçı Ermənistan yenə də kiçik yaşlı uşaqlara qarşı vandalizm əməllərini davam etdirir. Axşam saatlarında Tovuzun ön cəbhədə yerləşən Qaralar kəndini iri çaplı silahlardan atəşə tutublar və nəticədə öz evində, öz həyində 13 yaşlı Azərbaycan vətəndaşı Ramin Sabir oğlu Yusifov yaralanıb.
AFN-in xəbərinə görə, bu barədə Tovuzdan millət vəkili Qənirə Paşayeva məlumat verib. Onun sözlərinə görə, balaca yaralı Tovuz rayon Mərkəzi Xəstəxanasındadır: “Xəstəxananın rəhbərliyi, həkimlərimizlə tez-tez danışırıq. İnşallah Allahın və həkimlərimizin sayəsində Ramin balamız qısa zamanda tam sağalacaq. Rayonun rəsmi nümayəndələri ilə tez-tez danışırıq. Ordumuz düşmənin təxribatlarına hər zaman olduğu kimi, layiqli şəkildə cavab verib və verir. Ermənistanın bu vandalizm əməllərini, kiçik yaşlı uşaqlara qarşı cinayətlərini dünyanın hər yerində yaşayan soydaşlarımız, Türk kökənli insanlarımız daha geniş yaymalıdır. Səssiz qalan beynəlxalq qurumlara daha çox duyurmalıyıq, gəncləriimiz sosial mediada müxtəlif xarici dillərdə bununla bağlı məlumatları geniş yaymalı, xarici ölkələrin siyasətçilərinə, KİV-lərinə, beynəlxalq təşkilatlara bununla bağlı səsimizin daha çox duyulmasında, həqiqətlərin yayılmasında daha fəal olmalıdırlar”.
Yaxın dəqiqələrdə balaca Ramin və atası ilə də danışdığını deyən millət vəkili qeyd edib ki, ailə hadisənin şokundan hələ tam çıxmayıb: “Allah qoruyub balaca Ramini”.