Yenifakt.info

Müstəqil xəbərlər portalı

Hadisə

MTN polkovnikinə 5 il həbs cəzası istənildi

“O vaxt kimin cürəti çatardı ki, MTN-dən, Eldar Mahmudovdan şikayət eləsin”

Həbsdə olan MTN polkovniki, nazirliyin Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi Mirəziz Əsgərovun məhkəməsi yekunlaşır. Bir neçə aydır ki, onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
İyulun 28-də bu iş üzrə məhkəmə istintaqının yekunlaşdığı elan olunub. Ardınca məhkəmədə dövlət ittihamçısı Vüqar Quliyev çıxış edərək deyib ki, Mirəziz Əsgərovun 2012-ci ildə sahibkar Vidadi Əzizovu həbs etməklə hədələyib, ondan 350 min manat pul almasına dair ittiham sübuta yetirilib. Prokurorun sözlərinə görə, bunu təsdiqləyən zərərçəkmiş və şahid ifadələri, başqa sübutlar var. Dövlət ittihamçısı Mirəziz Əsgərovun 5 il azadlıqdan məhrum edilməsini təklif edib.
Prokuror eyni zamanda, zərərçəkmişin MTN-də başına gətirilənlərə görə dövlətdən 1 milyon 200 min manat təzminat tələbinə də münasibət bildirib. Vidadi Əzizov məhkəmənin əvvəlində bu haqda mülki iddia qaldırmışdı. O həmçinin Mirəziz Əsgərovdan da alınan pulunun geri qaytarılmasını tələb edirdi.
Prokuror çıxışında deyib ki, zərərçəkmişin dövlətə qarşı mülki iddiası rədd edilməlidir. Dövlət ittihamçısının sözlərinə görə, Vidadi Əzizovun başına bu hadisə 2012-ci ildə gəlsə də, o, vaxtında dövlət orqanlarını bu haqda məlumatlandırmayıb. Əzizov yalnız 2015-ci ildə şikayət edib və onun müraciətindən dərhal sonra da araşdırma aparılıb.
Amma Vidadi Əzizov hesab edir ki, əgər dövlət orqanında çalışan vəzifəli şəxs ona qarşı cinayət törədibsə, deməli, onun əməlinə görə həm də dövlət məsuliyyət daşıyır.
Zərərçəkmişin nümayəndəsi Fəxrədddin Məmmədov da onunla eyni fikirdədir. Vəkil Vidadi Əzizovun hadisədən sonra hüquq-mühafizə orqanlarına məlumat verməməsinin səbəbini də açıqlayıb. Deyib ki, o zaman hamı MTN-dən, Eldar Mahmudovdan qorxurdu. Onlardan şikayət etməyə heç kimin cürəti çatmırdı: “Deyirdilər ki, MTN-dən, Eldar Mahmudovdan şikayət eləmək olar?”
Vəkil onu da əlavə edib ki, hüquqlarını müdafiə etdiyi şəxsin bankdan çıxarkən üstündəki pullarla birlikdə MTN-ə aparılması, orada həbslə qorxudub, 300 min manatının əlindən alınması mütəşəkkil dəstə tərəfindən həyata keçirilib. Ona görə də Mirəziz Əsgərovla yanaşı, digər günahkarlar da məsuliyyətə cəlb olunmalıdır.
“Həmin şəxslər vəzifələrindən sui-istifadə edərək bu əməli törədiblər. Buna görə də mülki iddiamız təmin olunmalıdır”, – deyə zərərçəkmişin vəkili bildirib.
Məhkəmə avqustun 4-də davam edəcək. Növbəti iclasda MTN polkovnikinin vəkili çıxış edəcək.
Qeyd edək ki, Mirəziz Əsgərov ittihamı qəbul etmir. Deyir ki, Vidadi Əzizov indi ona qarşı cinayət işində pulu alınan zərərçəkmiş sahibkar kimi təqdim olunsa da, əslində onun özü həbs olunmalıdır. Çünki Əzizov iş adamı deyil, İran və digər ölkələrlə bağlı çirkli pulların yuyulmasıyla məşğul olub, xarici xüsusi xidmət orqanlarına casusluq edib. Onun sözlərinə görə, MTN-də də bu haqda kifayət qədər sübutlar var.
Azadliq.info

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir