Azərbaycan pəhləvanları avqustun 21-dən 26-dək Parisdə keçiriləcək dünya çempionatını boykot etmək niyyətindədirlər.
Bu, onların uzun müddətdir maaş ala bilməmələri ilə əlaqədardır. Bu səbəbdən də pəhləvanlar məşqlərdən imtina edir və planet birinciliyində çıxış etmək istəmirlər.
Bu gün Azərbaycanın yığmasının üzvləri milli komandanın Excelsior mehmanxanasında yerləşən bazasınnın yanında etiraz aksiyası keçiriblər. Aksiyada məşhur idmançılar – olimpiya çempionu Toqrul Əsgərov, Hacı Əliyev və başqaları da iştirak ediblər
Güləşçilər bildiriblər ki, artıq neçə aydır maaş almırlar, dolana bilmirlər, çətin vəziyyətdədirlər və yarışlara da öz hesablarına getməyə məcbur ediliblər.
Bu arada yunan-Roma güləşi üzrə milli komanda nümayəndələrinin yarışları “boykot” edəcəkləri haqda məlumatlar yayılıb. Virtualaz.org yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının baş məşqçisi Şaban Donatla əlaqə saxlasa da, o, hər hansı şərh verməkdən imtina edərək hazırda xaricdə olduğunu bildirib.
Sərbəst güləş üzrə milli komandanın baş məşqçisi Firdovsi Umudov isə sərbəst güləşçilər haqqında danışaraq bildirib ki, komanda dünya çempionatında iştirak edəcək: “Bəli, problemlər var. Amma yaxın keçmişi də unutmaq olmaz. Güləş Federasiyası tərəfindən idmançılara göstərilən diqqət heç bir başqa federasiyada olmayıb. İndi bütün dünyada çətinliklər var. Biz bütün çətinliklərin öhdəsindən gələcəyik. İnanıram ki, yaxın vaxtlarda bütün problemlər həll ediləcək”.