Valentin Xristovun bürünc medal əlindən alınıb
Beynəlxalq Ağırlıqqaldırma Federasiyası ötən il ABŞ-da keçirilən dünya çempionatından sonra dopinq-testdən keçə bilməyən Azərbaycan millisinin üzvlərinin cəzalarını açıqlayıb.
Komanda.az xəbər verir ki, Elxan Əliquluzadə, Silviya Angelova, Firudin Quliyev, Valentin Xristov və İntiqam Zairov 8 il, Dadaş Dadaşbəyli isə 4 il müddətinə bütün yarışlardan diskvalifikasiya olunub.
Əliquluzadə, Quliyev və Xristovdan istifadəsi qadağan olunmuş nandrolon aşkarlanıb. Angelova və Zairovda nandrolondan əlavə, dehidroxlorometiltestosteron, Dadaşbəylidə isə nandrolonla yanaşı, qanında boldenon aşkarlanıb.
Valentin Xristov ABŞ-dakı çempionatda bürünc medal qazanmışdı. Bu qərardan sonra onun medalı əlindən alınıb. Bolqarıstan əsilli idmançı 2012-ci ildə Londonda keçirilən olimpiya oyunlarında da 3-cü yeri tutmuşdu.