Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu paytaxtda piyadanın ölümü ilə nəticələnən yol qəzası ilə birgə məlumat yayıb. Məlumatda bildirilir ki, 20 iyul saat 18 radələrində 1984-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş, Bakı şəhər sakini Səfiyev Bəhman Süleyman oğlu etibarnamə olmadan idarə etdiyi, tanışı – 1979-cu il təvəllüdlü, Bakı şəhəri sakini İsayev Rəşad Zakir oğluna məxsus “Mercedes Benz G63” markalı, 10 LJ 010 dövlət qeydiyyat nişanlı avtomobillə Musayev Elman Zaman oğlunu ehtiyatsızlıqdan vurub və sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla əlaqədar Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi cinayət işi başlanmış, iş üzrə məhkəmə-tibb və məhkəmə-avtotexniki ekspertizaları təyin edilib.Bəhman Səfiyev şübhəli şəxs qismində tutulub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.