Tbilisidə jurnalist Əfqan Muxtarlının yoxa çıxması ilə bağlı iki məmur istintaq başa çatana qədər istefaya göndərilib. Bunlar Dövlət Təhlükəsizlik Xidmətinin əks kəşfiyyat departmentinin və Sərhəd polisinin rəhbərləridir. Bunu bu gün keçirdiyi brifinqdə Gürcüstanın daxili işlər naziri Georgi Mqebrişvili deyib.
“Qurumun rəhbərləri kimi biz əməkdaşlarımızın günahsızlığında əminik, lakin istintaqın hər hansı versiyanı istisna etmək hüququ yoxdur. Jurnalistin sərhəddi hansı vəziyyətdə keçdiyi bilinmədiyindən qeyd olunan şəxslərin vəzifələrindən getmələri iş ətrafında əsassız şərhlərin qarşısını almağa yönəlib”, – deyə nazir bildirib.