Həbsdə olan gənc fəal, “heykəl məhbusu” Qiyas İbrahimin atası Həsən İbrahimovun barəsində cinayət işi açılıb.
Bu haqda Qiyas İbrahimin anası Şura Əmiraslanova məlumat yayıb. Məlumatda bildirilir ki, bu gün Həsən İbrahimov Ədliyyə Nazirliyinə çağırılıb, bir müddət dindirildikdən sonra sərbəst buraxılsa da, ona qarşı cınayət işinin açıldığı elan olunub.
“Məhkəmədə hakim Qiyasın sözünü kəsəndə atası əsəbiləşmişdi. Hakimə etdiyinin doğru olmadığını, Qiyasın haqqını tapdaladığını söyləmişdi. Bir də hakimə ”Ənvər Seyidovun başına gələn sizin də başınıza gəlsin”, demişdi. Hakim həmin vaxt onun ifadələrinin aktlaşdırılmasını istəmişdi”, – Şura Əmiraslanova bildirib.
Həsən İbrahimova qarşı CM-nin 148-ci maddəsi ilə (təhqiretmə – üç yüz manatdan min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) cinayət işi açılıb.
Həsən İbrahimov bundan öncə iyulun 7-də Ədliyyə Nazirliyinin İstintaq idarəsinə çağırılıb. Bu barədə Meydan TV-yə Qiyas İbrahimin anası Şura Əmiraslanova məlumat verib. Bildirib ki, evə gələn çağırış 172950141 saylı cinayət işi ilə bağlıdır.
Qiyas İbrahim digər fəal Bayram Məmmədovla birgə ötən il mayın 10-da saxlanıblar. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Q.İbrahimdən də 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin tapıldığı iddia edilir.
Ancaq gənclər məhkəmədə ittihamları qəbul etməyiblər. Keçmiş prezident Heydər Əliyevin abidəsinə “Qul bayramınız mübarək!” şüarı yazılmasına görə həbs edildiklərini bəyan ediblər. Məhkəmənin qərarı ilə onlara 10 il həbs cəzası verilib.
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) həbsdəki gənc fəallar Qiyas İbrahim və Bayram Məmmədovun şikayətini icraata götürüb.
Şikayətdə iddia olunur ki, yerli məhkəmələrin axtarış, götürmə ilə bağlı qərarları gənc fəalların Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması), 8-ci (şəxsi həyata hörmət) və 10-cu (ifadə azadlığı) maddəsində nəzərdə tutulan hüquqları pozulub.